Mobil oyun nəhəngi “MOONTON GAMES” əməkdaşlarını mükafatlandırmaq məqsədilə genişmiqyaslı aksiyaya start verib. Şirkət özünün flaqman layihəsi olan “Mobile Legends: Bang Bang” (MLBB) oyununun 10 illik yubileyi şərəfinə 16 oktyabrdan etibarən işçilərinə 24 karatlıq təmiz qızıldan hazırlanmış xüsusi qolbaqlar paylayır.
Çəkisi 5 qram olan hər bir qolbağın bazar dəyəri təxminən 885 ABŞ dolları təşkil edir. Zərgərlik nümunələri məşhur “Chow Tai Fook” brendi tərəfindən xüsusi sifarişlə hazırlanıb. Aksessuarların dizaynında MLBB kainatına aid kult qəhrəmanların relyefləri və layihənin 10 illik yubileyini əks etdirən rəsmi loqotiplər həkk olunub.

2 mindən çox əməkdaşa 10 kiloqram qızıl paylanacaq
2026-cı ilin yanvarında keçirilən illik iclasda verilən vədə sadiq qalan rəhbərlik ümumilikdə 2 000-dən çox şəxsi mükafatlandırır. Qızıl qolbaq almaq hüququ tutduğu vəzifədən və fərdi səmərəlilik göstəricilərindən (KPI) asılı olmayaraq, 30 yanvar tarixinə kimi “MOONTON GAMES”də çalışan bütün heyətə — o cümlədən təcrübəçilərə (internlər) və artıq şirkətdən ayrılmış keçmiş mütəxəssislərə şamil edilir. Paylanacaq qızılın ümumi çəkisi təxminən 10 kiloqram, aksiyanın ümumi büdcəsi isə 1.4 milyon dollar təşkil edir.
Bu addım Asiya texnologiya bazarında formalaşan genişmiqyaslı korporativ tendensiyanın tərkib hissəsidir. 2026-cı ilin əvvəlində Çinin ən azı 22 oyun şirkəti öz komandalarını məhz qızıl külçələr və aksessuarlarla mükafatlandırıb. Kadrlar uğrunda kəskin rəqabətin getdiyi oyun sektorunda bu cür dəyərli fiziki bonusların verilməsi istedadlı mütəxəssisləri komandada saxlamaq və kollektivin motivasiyasını artırmaq üçün ən populyar vasitələrdən birinə çevrilib.