“League of Legends” (LoL) üzrə “T1” komandasının ulduz oyunçusu Li “Faker” San Hyok Cənubi Koreyada şərəfinə rəsmi xatirə poçt markası təsis edilən ilk kiberidmançı kimi tarixə düşəcək.
“Korea Post” dövlət poçt xidmətinin təqdim etdiyi xüsusi kolleksiya 23 oktyabr tarixində rəsmi satışa çıxarılacaq. Kolleksiyanın ümumi tirajı 140 min marka vərəqi və 40 min kolleksiya albomundan ibarət olacaq. Maraqlananlar markaları yerli poçt şöbələrindən və “Korea Post”un rəsmi onlayn mağazasından əldə edə biləcəklər.
İki dövr və dörd əfsanəvi çempion obrazı
Markaların dizayn konsepsiyası kiberidmançının karyerasının əsas mərhələlərini əks etdirən iki hissəyə bölünüb:
- “Əfsanənin başlanğıcı” — Li San Hyokun 2013–2016-cı illərdəki yüksəlişini və ilk böyük uğurlarını əhatə edir;
- “Əfsanədən də üstün, bir mif” — 2023–2025-ci illərdə qazanılan möhtəşəm qələbələrə və triumflara həsr olunub.
Poçt markalarının üzərində “Faker”in oyundakı uğurları ilə bilavasitə bağlı olan dörd çempion kostyumu təsvir edilib: Immortalized Legend Ahri, T1 Galio, T1 Yone və Prestige T1 Sylas.
Bu hadisə münasibətilə Seul Mərkəzi Poçtamtının nəzdindəki Poçt Markaları Muzeyində xüsusi tematik sərgi təşkil olunub. Azarkeşlər və kolleksiyaçılar üçün nəzərdə tutulan ekspozisiya 31 yanvar 2027-ci il tarixinədək ziyarətçilərin üzünə açıq olacaq.