“Microsoft” şirkəti “Xbox Series X” oyun konsolunun “X-BITE” adlanan tamamilə fərqli və xüsusi sifarişlə hazırlanmış (custom) versiyasını rəsmən nümayiş etdirib. Yeni qurğunun başlıca xüsusiyyəti onun qeyri-adi dizaynıdır — tam işlək vəziyyətdə olan konsol uzunluğu 1.5 metrdən çox olan nəhəng alliqator fiqurunun daxilinə yerləşdirilib.
Layihə xüsusi effektlər və animatronika sahəsində tanınmış “John Nolan Studio” ilə birgə tərəfdaşlıq çərçivəsində ərsəyə gətirilib. Qeyd edək ki, sözügedən studiya daha əvvəl məşhur “The Witcher” serialının və “Jurassic World” (“Yura dövrünün dünyası”) filminin vizual effektləri üzərində işləyib.
Qeyri-adi konstruksiya daxili işıqlandırma sistemi ilə təchiz olunub. Alliqatorun açıq ağız hissəsində isə eksklüziv simsiz “Xbox” geympadı yerləşdirilib. Kontrollerin üzərinə stilizə edilmiş dişləmə izləri həkk olunub və coystiklərin standart dizaynı dəyişdirilərək vəhşi təbiət mövzusuna uyğunlaşdırılıb.
Yeganə nüsxə və sosial şəbəkələrdə uduş kampaniyası
Konsol dünyada cəmi bir nüsxədə hazırlanıb və kütləvi pərakəndə satışa çıxarılmayacaq. “Microsoft” bu unikal cihazı 3–10 noyabr 2026-cı il tarixlərində rəsmi sosial şəbəkə hesabları (“X”, “Instagram” və ya “TikTok”) vasitəsilə pərəstişkarları arasında uduşa qoyur.
Yarışmada iştirak etmək üçün istifadəçilər rəsmi “Xbox” hesabını izləməli, müsabiqə ilə bağlı paylaşımı öz səhifələrində təkrar paylaşmalı (repost) və #XbiteSweepstakes heşteqini əlavə etməlidirlər. Qaydalara əsasən, bu tirajda yalnız ABŞ-də yaşayan və yaşı 18-dən yuxarı olan şəxslər iştirak hüququna malikdir.