“GTA 6” “Metacritic”də 99 bal topladı — tənqidçilər onu tarixin ən yaxşı oyunlarından biri adlandırırlar

0 comments 1 views

“Grand Theft Auto VI” “Metacritic” aqreqatorunda 100 mümkün baldan 99 bal toplayaraq “Universal Acclaim” (Ümumi rəğbət) statusuna layiq görülüb. Hesablama aparılan ana qədər platformada tənqidçilərin 115 rəyi dərc olunub və onların hamısı müsbət olub.

İcmalçılar “GTA 6″nı “Rockstar”ın ən ambisiyalı oyunlarından biri adlandırır və layihənin açıq dünyasını, detallılıq səviyyəsini, süjetini, personajlarını, musiqisini, eləcə də tanış “Grand Theft Auto” formulasının inkişafını xüsusi qeyd edirlər.

“Areajugones” nəşri “GTA 6″nı “Rockstar”ın ən yaxşı oyunu adlandırıb, “Adrenaline” isə detallı dünyanı vurğulayaraq layihəni cari konsol nəslinin zirvəsi kimi qiymətləndirib. “But Why Tho?” portalı isə oyunun 13 illik gözləntiləri tam doğrultduğunu ayrıca qeyd edib.

Lüsiya və Ceyson dueti, canlı Leonida ştatı

Baş qəhrəmanlar Lüsiya və Ceyson xüsusilə çox tərif qazanıblar. Tənqidçilər onların qarşılıqlı münasibətlərini, hekayənin emosionallığını və personajların inkişafını yüksək qiymətləndirirlər. “Console Creatures” onları seriyanın ən yaddaqalan protaqonistlərindən biri, “Edge Magazine” isə əyləncə sənayesindəki ən yaxşı tərəfdaş duetlərindən biri adlandırıb.

Oyunun əsas üstünlükləri sırasında Leonidanın qeyri-adi dərəcədə canlı dünyası da göstərilir. “Digital Spy” qeyd edib ki, hətta 200 saatdan çox oyun vaxtından sonra belə yeni detallar və təsadüfi hadisələrlə qarşılaşmağa davam ediblər, “GameSpot” isə “GTA 6″nı “Rockstar”ın açıq dünya janrındakı bütün təcrübəsinin kulminasiyası adlandırıb.

Eyni zamanda, mövcud rəylər arasında oyuna yönələn tənqidlər minimal səviyyədədir. “Gameliner” açıq dünya oyunları üçün tanış olan bəzi çatışmazlıqları xatırlatsa da, onların ümumi təəssürata demək olar ki, təsir etmədiyini bildirib. 99/100 bal göstəricisi ilə “GTA 6” “Metacritic” tarixində ən yüksək qiymətləndirilən oyunlar sırasına daxil olub.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın