Son illərin ən xaotik mövsümlərarası dövrlərindən birindən sonra “League of Legends EMEA Championship” (LEC) liqasının bütün komandaları 2027-ci il mövsümünə yenilənmiş heyətlə daxil olacaq. Üçqat çempion “G2 Esports” heyətində birdən-birə üç dəyişiklik edib, “Movistar KOI” son bir neçə ildə ilk dəfə genişmiqyaslı yenilənməyə gedib, 2026-cı ilin final splitində çıxış edən 50 kiberidmançıdan 16-sı isə liqanı tərk edib. Onların bir qismi karyerasına fasilə verib və ya peşəkar səhnə ilə vidalaşıb, digərləri isə təklif almayıb və ya başqa regionlara üz tutub.
“Fnatic”: “Upset”
LEC-də keçirdiyi səkkiz ildən sonra liqanın əsas veteranlarından biri, almaniyalı atıcı (ADC) Elias “Upset” Lipp səhnəyə qayıtmayacaq. Onunla “Fnatic”, “Team Vitality” və Şimali Amerikanın “Cloud9” daxil olmaqla bir neçə klub maraqlansa da, heç biri üçün prioritet namizəd olmayıb; “C9” isə yekunda Şon “Yeon” Sunq ilə müqavilə imzalayıb. “Upset”in 2027-ci il üçün gələcək planları məlum deyil, lakin o, LEC-in ilk splitinə atıcı mövqeyində başlamayacaq.
“GIANTX”: “Oscarinin”, “ISMA” və “Flakked”
“GIANTX”in yay pley-off mərhələsinə yüksəlməsinə baxmayaraq, komandanı və liqanı eyni anda üç oyunçu tərk edir. Oskar “Oscarinin” Munyos Ximenes və Viktor “Flakked” Lirola Tortosa İspaniya klublarının maraq dairəsində olsalar da, heyətlərdə yer qazana bilməyiblər. Eyni zamanda, fransalı meşəçi İsmail “ISMA” Bualem “SK Gaming” (həmin klub üçün meşəçi mövqeyində prioritet hədəf “Zicssi” olaraq qalırdı) və “Shifters”in təkliflərindən özü imtina edib.
“NAVI”: “Maynter” və “Poby”
Debüt “Global Demacia Cup” turnirində çıxış etmiş ukraynalı yuxarı cinah oyunçusu (topleyner) Volodimir “Maynter” Sorokin və midleyner Yun “Poby” Sun-von üçün çətin mövsümlərarası dövr davam edir. “Maynter” “Team Vitality” və digər klublar üçün ciddi namizəd olsa da, təşkilat başqa oyunçuya üstünlük verib. “Poby”nin “NAVI” ilə daha bir illik qüvvədə olan müqaviləsi var idi, lakin klub koreyalı midleyner Kim “Karis” Hon-conu heyətinə qatıb, oyunçunun LCS-də çıxış edən “FlyQuest”ə keçidi isə baş tutmayıb — hazırda hər iki kiberidmançı LEC-dən kənarda komanda axtarır.
“SK Gaming”: “Wunder” və “Skeanz”
Liqa tarixinin ən titullu topleynerlərindən biri olan Martin “Wunder” Nordal Hansenin çoxdan gözlənilən qayıdışı cəmi bir il davam etdi — o, 2027-ci ildə LEC-də oynamayacaq. Onun komanda yoldaşı, meşəçi Dunkan “Skeanz” Marke “SK Gaming” rəhbərliyi tərəfindən yenidən müqavilə bağlamaq üçün nəzərdən keçirilsə də, yeni sözləşmə almayıb və ERL liqasının ən yaxşı klublarından biri olan “Galions”a keçib.
“Team Heretics”: “Daglas”, “Serin” və “Way”
Meşəçi Katsper “Daglas” Dagel LEC-də ikinci şans qazansa da, problemli heyətdə özünü yenidən göstərə bilməyib və liqada komandasız qalıb. Tolqa “Serin” Ölmez də “Skeanz” kimi ikinci divizionda çıxış etmək üçün “Galions”a qoşulub, koreyalı legioner Han “Way” Gilin növbəti klubu isə hələlik məlum deyil.
“Shifters”: “nuc”, “Paduck” və “Stend”
Çempionatda onuncu yeri tutduqdan sonra klubu üç oyunçu tərk edir: LEC-in uzunmüddətli midleyneri İlias “nuc” Bizriken çıxışlarına fasilə verdiyini elan edib, Pol “Stend” Larden peşəkar karyerasını başa vurub, koreyalı atıcı Pak “Paduck” Sok-hyon isə liqanın heç bir komandasının marağını cəlb etməyib.
“Team Vitality”: “FIESTA” və “Naak Nako”
An “FIESTA” Hyon-so LEC-ə yalnız bu il, mövsümün ortasında “Humanoid”i əvəzləyərək qoşulmuş və gözləntilərdən üstün oyun sərgiləmişdi. Buna baxmayaraq, o, liqada özünə yer tapa bilməyib və “Worlds 2026″dakı tarixi çıxışından sonra 2027-ci ildə bərpa olunmuş CBLOL liqasında mübarizə aparacaq Braziliyanın “LOS” komandası ilə müqavilə imzalayıb. Region üçün mövsümlərarası dövrün ən böyük itkisi isə türkiyəli topleyner Kaan “Naak Nako” Okanın LCS-də çıxış edən Amerikanın “LYON” təşkilatına satılması olub — oyunçu ilə “G2 Esports” (onun üçün prioritet hədəf idi) daxil olmaqla bir neçə Avropa klubu maraqlanırdı.