Sony-nin yeni portativ konsolu üzərində işlədiyi iddia edilir
Bloomberg nəşri öz mənbələrinə istinad edərək Sony-nin yeni portativ oyun konsolu hazırladığını bildirib.
Məlumata görə, layihə hələ ilkin inkişaf mərhələsindədir. İddia edilir ki, bu yeni cihaz PlayStation 5 üçün oyunları işə salmaq imkanına malik olacaq və bazarda Nintendo və Microsoft-un portativ cihazları ilə rəqabət aparacaq. Lakin layihənin inkişafından imtina edilməsi də ehtimal olunur.
Həmçinin jurnalistlər qeyd ediblər ki, PlayStation Portal ilkin olaraq müstəqil cihaz kimi, məsələn, Steam Deck formatında buraxılmalı idi. Lakin Sony sonradan bu cihazı PlayStation 5 üçün əlavə aksesuar kimi təqdim edib.
Eyni zamanda, Sony-nin 2024-cü il noyabrın 20-də PS Portal portativ konsol üçün bulud axını funksiyasını test etməyə başladığı məlum olub.
Yeni sistemdə təqdim olunan oyunlar arasında Marvel’s Spider-Man: Miles Morales, Ghost of Tsushima, Dave the Diver, Ratchet & Clank: Rift Apart və digər titullar yer alır. Ümumilikdə, oyunların sayı 120-ni keçib. Axın xidməti 1080p çözünürlük və 60 fps-ə qədər kadr sürətini dəstəkləyir, həmçinin DualSense kontroller üçün xüsusi funksiyalar təmin edir.