T1 komandası League of Legends üzrə Cənubi Koreya çempionatı olan LCK 2025 mövsümünün qrup mərhələsində ikinci oyununda Gen.G komandasına uduzub. Üç xəritəlik (BO3) qarşılaşmada T1 yalnız bir oyun qazanaraq 1:2 hesabı ilə məğlub oldu.
Qarşılaşmanın ən dəyərli oyunçusu (MVP) Gen.G-nin mərkəz xətt oyunçusu Jeong “Chovy” Ji-hoon seçilib. O, üstün performansla Gen.G-yə vacib qələbə qazandırdı.
Qeyd edək ki, bu oyun Lee “Faker” Sang-hyeok-un LCK-də debütünün 12-ci ildönümünə təsadüf edib. LoL tarixinin ən əfsanəvi oyunçularından biri olan Faker üçün bu, bayram günündə üzücü nəticə oldu.
T1 bu məğlubiyyətdən sonra qrup mərhələsindəki ümumi hesabını 1:1 etdi.
Qarşıdakı oyunlar
T1 növbəti görüşünü 10 aprel tarixində KT Rolster komandasına qarşı keçirəcək. Oyun təxminən saat 14:00-da başlayacaq.
LCK 2025 mövsümü 2 apreldən sentyabr ayının əvvəlinə qədər davam edəcək. Turnirin ümumi mükafat fondu təxminən 382 min ABŞ dolları təşkil edir.