Məşhur Hollivud aktyoru Ben Affleck, VALORANT-un ən tanınmış simalarından biri olan Tarik Çelikin yayımına qonaq oldu. Söhbət Sentinels ilə G2 Esports arasında keçirilən VCT 2025: Americas Stage 1 qarşılaşmasının izlənildiyi icma yayımı zamanı baş tutub.
Affleck söhbət zamanı etiraf edib ki, bu oyunu ona ilk dəfə oğlu tanıdıb və o vaxtdan bəri VALORANT-a maraq göstərməyə başlayıb. O, oyunun dinamikasına və peşəkar oyunçuların səviyyəsinə heyran qaldığını gizlətməyib.
“İnanılmazdır, bu səviyyədə bacarıq, dəqiqlik və komanda işi… Sadəcə izləmək belə kifayət edir ki, nə qədər peşəkar olduqlarını anlayasan,” – deyə aktyor bildirib.
Affleck həmçinin 2023-cü ildə keçirilmiş VALORANT Champions turnirinə qatıldığını da xatırladıb. Onun sözlərinə görə, həmin tədbir onu kiberidmanın miqyası və təsir gücü barədə daha dərindən düşünməyə vadar edib.
“Bəzi peşəkar idman klubları və basketbol komandaları belə biletləri bu qədər tez sata bilmir. O zalda atmosfer sözlərlə ifadə olunmayacaq qədər möhtəşəm idi,” – deyə o əlavə edib.
Affleck-in bu cür marağı kiberidmanın populyarlığının artdığını və artıq dünya şöhrətli simaların da bu sahəyə yaxın maraq göstərdiyini bir daha təsdiqləyir.