Kibersportda Etika və Dürüstlük Komissiyası (ESIC) çinli StarCraft II oyunçusu Syue “Firefly” Tao-ya qarşı ömürlük diskvalifikasiya qərarı verib.
Aprel–iyul ayları ərzində aparılan araşdırma nəticəsində ESIC “razılaşdırılmış oyunlar və mənfəət bölgüsü üzrə koordinasiyalı sxem”in sübutlarını aşkarlayıb. Təhqiqat zamanı məlum olub ki, Firefly matçların nəticələrini bilərəkdən manipulyasiya edib və mərclərdən maliyyə faydası əldə etməyə çalışıb.
Oyun performansı ilə bağlı analizlər şübhəli mərc fəaliyyəti ilə üst-üstə düşən anomaliyaları da ortaya çıxarıb. ESIC ümumilikdə Firefly-ın 21 pozuntuya yol verdiyini bildirib:
- 11 dəfə Antikorrupsiya Kodeksini,
- 10 dəfə isə Davranış Kodeksini pozub.
Bu pozuntulara aşağıdakılar daxildir:
- öz oyunlarına mərc etmək,
- daxili məlumatların mərc məqsədilə ötürülməsi,
- kibersportun nüfuzuna zərbə vuran davranışlar.
ESIC-in rəsmi açıqlamasında deyilir:
“Cənab Syuenin davranışı ESIC-in Etika Proqramına açıq şəkildə ziddir. Buna görə ona ömürlük qadağa tətbiq olunub – artıq o, ESIC üzvü olan təşkilatların keçirdiyi heç bir tədbir və turnirdə iştirak edə bilməyəcək.”
Qeyd edək ki, ESIC hələ 14 iyun tarixində Firefly-ı Esports World Cup 2025-dən kənarlaşdırdığını elan etmişdi. Turnirin təşkilatçıları onu çinli JDG oyunçusu Huan “Lancer” Min ilə əvəz ediblər.