EA əməkdaşları Səudiyyə Ərəbistanı və ABŞ investorları ilə razılaşmaya qarşı çıxıblar

by Nigar Məmmədova
0 comments

Electronic Arts (EA) şirkətinin əməkdaşları və United Videogame Workers-CWA Local 9433 həmkarlar ittifaqı birgə bəyanat yayaraq şirkətin Səudiyyə Ərəbistanı və ABŞ-dan olan özəl investorlarla planlaşdırdığı razılaşmanı kəskin tənqid ediblər.

Məlumat Communications Workers of America təşkilatı tərəfindən dərc olunub. EA əməkdaşlarının fikrincə, bu razılaşma şirkət daxilində iş yerlərini təhlükə altına sala bilər. Son iki il ərzində EA bir neçə dəfə kütləvi ixtisarlar və studiyaların bağlanması ilə gündəmə gəlib. Rəhbərlik yaxın zamanda ixtisarların olmayacağını bildirsə də, işçilər bu açıqlamaları inandırıcı hesab etmirlər.

Onların sözlərinə görə, Electronic Arts-ın uğuru minlərlə əməkdaşın əməyinə əsaslanır, lakin daxili studiyalar çox vaxt “az gəlirli” hesab olunur. EA nümayəndələri, Səudiyyə Ərəbistanının Suveren Fondu və Affinity Partners tərəfindən maliyyələşdirilən 20 milyard dollarlıq borcun necə ödənəcəyinə dair aydınlıq olmadığını bildiriblər.

Razılaşma həmçinin ABŞ siyasətçiləri arasında da narahatlıq yaradıb. Senatorlar Elizabet Uorren və Riçard Blumental maliyyə naziri, Xarici İnvestisiyalar Komitəsinin sədri Skott Bessent və EA-nın rəhbəri Endryu Uilsona məktublar göndərərək məsələni araşdırmağı tələb ediblər.

Onların əsas narahatlığı Səudiyyə Ərəbistanından gələn potensial “xarici təsir” və təbliğat təhlükəsi ilə bağlıdır. Tənzimləyici orqanlardan bu razılaşmanın tam şəkildə araşdırılması istənilib. EA əməkdaşları və həmkarlar ittifaqı bu təşəbbüsü dəstəkləyiblər.

Qeyd edək ki, Electronic Arts sözügedən investorlarla razılaşma barədə xəbərləri artıq təsdiqləyib. Müqavilənin 2027-ci ilin birinci rübündə bağlanması planlaşdırılır.

1982-ci il mayın 28-də təsis edilən EA, Battlefield, FIFA, Need for Speed, The Sims, Mass Effect, Dragon Age, Titanfall və Star Wars kimi məşhur oyun seriyalarının müəllifidir. Şirkətin həmçinin öz rəqəmsal platforması – Origin mağazası fəaliyyət göstərir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın