KRAFTON şirkəti PUBG: Battlegrounds oyunundakı çit (cheat) istifadəçilərinə və onların yaradıcılarına qarşı mübarizə ilə bağlı rəsmi bəyanat yayıb.
Şirkət qeyd edib ki, çitlərin aşkarlanması sistemlərinin təkmilləşdirilməsi üzərində davamlı şəkildə işləyir. Əsas prioritetlərə aşkarlama modellərinin genişləndirilməsi və dəqiqləşdirilməsi, şikayət sisteminin təkmilləşdirilməsi və səhv bloklamaların azaldılması daxildir.
PUBG-də süni intellekt əsaslı aşkarlama sistemi tətbiq olunur. Bu sistem yalnız çit proqramlarını deyil, həm də anomallı oyun davranışlarını avtomatik müəyyənləşdirərək bloklayır. Nəticədə, 2025-ci ilin iyununda qayda pozuntularının aşkarlanması 2,5 dəfə artıb, aşkarlama müddəti isə 90%-dən çox azalıb.
Bundan əlavə, oyunçuların şikayətlərini analiz edən administratorlar komandası da genişləndirilib. Şöbənin əməkdaşlarının sayı təxminən 2,8 dəfə artırılıb, şikayətlərin emal müddəti isə 75% azalıb.
KRAFTON həmçinin vurğulayıb ki, çit proqramlarının yaradıcıları və yayımçılarına qarşı bütün dünyada hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Avqust–oktyabr ayları arasında 100-dən çox məhkəmə iddiası artıq qaldırılıb.