“League of Legends” kainatı üzrə “Arcane”ın şouraneri Kristian Linke, Twitch platformasında necrit94 yayımı zamanı kainatla bağlı daha üç layihənin hazırlandığını bildirib.
Məlumata görə, “Arcane” birbaşa davamı olmayan bir layihə kimi başa çatıb. İkinci sezon ilə animasiya serialının əsas hekayəsi sona çatıb. Buna baxmayaraq, Riot Games, “League of Legends” kainatını yeni uyğunlaşmalarla inkişaf etdirmək üçün Fortiche studiyası ilə əməkdaşlığa davam edəcək. Kristian Linke gələcək serialların Noxus, Ionia və Demasiya kimi yerlərdə baş tutacağını və bəzi məkanların və personajların gələcək layihələrdə geri qayıdacağını açıqlayıb. Hal-hazırda layihələrin detalları və buraxılış tarixləri məlum deyil, lakin Linke qeyd edib ki, yeni animasiya seriallarından biri üzərində artıq bir ildən çoxdur iş aparılır.
“Arcane”ın ilk mövsümü 2021-ci ildə, ikinci mövsümü isə 2024-cü ilin 9-23 noyabr tarixlərində yayımlandı. Serial ümumilikdə 18 seriyadan ibarətdir — hər mövsümdə doqquz bölüm. Maraqlıdır ki, ikinci mövsümün bütün bölümləri izləyicilər tərəfindən 9 baldan yuxarı qiymətləndirilib.