Blizzard studiyası məşhur şuter oyunu Overwatch 2-nin adını dəyişdirməyi planlaşdırır və “2” əlavəsini silərək layihəni yenidən sadəcə Overwatch kimi təqdim edə bilər. Bu barədə Eurogamer portalı yazır və sızan məlumatlara əsasən, bu addım oyunun davamı kimi qəbul edilməsinə son qoymaq məqsədi daşıyır.
Gözlənilən dəyişikliklər yalnız adla məhdudlaşmayacaq. Bildirilir ki, kosmetik əşyalar da yeni təsnifata düşəcək: Overwatch 2-yə məxsus skinlər “Valorous” adlandırılacaq, orijinal oyundan qalan skinlər isə “Classic” kimi tanıdılacaq.
Yenilənmənin aprelin sonlarında başlayacaq 16-cı mövsümdə təqdim ediləcəyi ehtimal olunur. 2022-ci ildə Overwatch 2-nin çıxışı ilə birlikdə Blizzard ilk oyunun serverlərini bağlamış və yeni oyuna keçidi “free to play” modeli ilə təqdim etmişdi. Bununla yanaşı, loot box sisteminin ləğvi kimi əsas yeniliklər olsa da, bir çox istifadəçi oyun mexanikasının əvvəlki versiyadan ciddi fərqlənmədiyini qeyd etmişdi. Bu səbəbdən, “Overwatch 2”nin tamhüquqlu davam olub-olmaması uzun müddət müzakirə mövzusu olmuşdu.
Blizzard tez-tez seriyanın ilk dövrlərinə qayıdırdı — buna misal kimi “Overwatch: Classic” tədbirləri göstərilə bilər. Bu tədbirlər zamanı tanınmış “GOATS” metası — tank və dəstək qəhrəmanlarının üstünlük təşkil etdiyi balans — yenidən oyuna qaytarılmışdı. Oyunun adının dəyişdirilməsi isə şirkətin orijinal ideyaya bir qədər də yaxınlaşmaq üçün atdığı növbəti addım ola bilər.