CS2 icması iyun ayında baş tutacaq Major turnirindən əvvəl Valve şirkətinin komandalar üçün yeni əşyalar – xüsusilə də simvolik əlcəklər və suvenir aksessuarlar hazırladığı barədə yayılan xəbərlərlə çalxalanır. İddialara görə, yenilənmə 27 may – 1 iyun tarixləri arasında təqdim oluna bilər.
Yeni brend atributlar: dəyişikliklərin vaxtı çatıb
İnsayderlərin məlumatına əsasən, Valve hazırda komandaların loqoları ilə bəzədilmiş xüsusi əlcəklər və ya breloklar üzərində işləyir. İnternetdə artıq bəzi idman təşkilatları üçün nəzərdə tutulmuş əlcək dizaynlarının görüntüləri yayılıb. Bu vizual materiallar, yeniliyin reallığa çevrilə biləcəyi ehtimalını daha da artırır.
Eyni tipli stikerlərdən yorulanlar dəyişiklik gözləyir
Son dörd il ərzində keçirilən CS:GO və CS2 Major turnirləri üçün hazırlanan stikerlərin demək olar ki, dəyişməməsi oyunçular arasında narazılığa səbəb olub. İstifadəçilər eyni dizaynı təkrarlayan bu stikerlərə maraqlarını itirdiklərini bildirir, onları nə istifadə edir, nə də investisiya vasitəsi kimi görürlər. Buna görə də, yeni suvenir formatı və eksklüziv predmetlərin buraxılması, turnirlərə olan diqqəti yenidən artırmaq üçün uğurlu addım hesab edilir.
Rəsmi təsdiq hələlik yoxdur
Yeniliyin 3 iyunda start götürəcək növbəti CS2 Major turnirindən bir neçə gün əvvəl təqdim olunacağı ehtimal edilir. Lakin hazırda nə Valve, nə də ESL tərəfindən bu barədə rəsmi açıqlama verilməyib.
İstifadəçilər səbirsizliklə gözləyir – bu, təkcə vizual dəyişiklik deyil, həm də oyun içi iqtisadiyyata və icmanın maraq səviyyəsinə təsir edə biləcək addımdır.