Doom-un yeni fəsli — The Dark Ages, seriyanın ənənəvi dinamikasını tərsinə çevirərək diqqəti yalnız atışmalardan uzaqlaşdırır və yaxın döyüş, zərbələrin bloklanması və parirlənməsi üzərində cəmləyir. Artıq Doom Guy sadəcə qəzəbli qəhrəman deyil — o, zirehlə örtülmüş nəhəng bir döyüşçüyə çevrilib, hansı ki, irəliləmədən öncə yerində möhkəm duraraq iblis ordularına qarşı əks-hücumlar edir.
Hadisələr klassik orta əsrlərdə deyil, texnoloji və sehrin birləşdiyi alternativ bir reallıqda baş verir. Baş qəhrəman isə kosmik teokratlardan ibarət sirli bir ordenin nəzarətində olan canlı silah rolundadır. O, iblislərlə mübarizə üçün yad planetə göndərilir və burada təkcə ikonik tüfəngini deyil, həm də zəncirli qalxan, dəyənək və yumruqlarından istifadə etməli olur.
Döyüş sistemi ciddi şəkildə yenilənib. Düşmənlər iki növ hücumla gəlir: qırmızı zərbələr bloklanmalı, yaşıl olanlar isə vaxtında parirlənməlidir. Əgər oyunçu zərbəni düzgün zamanlama ilə dəf edə bilsə, ən təhlükəli düşmənlər belə zəif hədəfə çevrilir. Bütün bunlara baxmayaraq, Doom-un tipik tempinə zərər dəymir — döyüşlər yenə sürətlidir, lakin indi oyunçular taktiki qərarlar qəbul etməyə məcbur olurlar.
Oyunda klassik elementlər qorunub saxlanılıb. Doom Guy-ın silah arsenalı yenə genişdir və yeni imkanlar da əlavə olunub — nəhəng mexanizmə minmək və əjdaha ilə uçmaq kimi. Bu funksiyalar hələ tam cilalanmayıb, amma vizual baxımdan təsirlidir və oyun təcrübəsini rəngarəng edir.
Köhnə fanatlar üçün bir az məyusedici detal isə “glory kill”lərin sadələşdirilməsidir. Artıq qəhrəman düşmənləri əvvəlki qədər təsirli şəkildə yox, daha çox sadə yumruq və ya təpiklə məhv edir. Bu tip finişerlər əsasən boss döyüşləri üçün saxlanılıb.
Nəticə etibarilə, Doom: The Dark Ages seriyanın ən cəsarətli təcrübələrindən biridir. Yaxın döyüş elementləri oyunu dəyişsə də, tanış vəhşiliyi və adrenalin dolu hərəkəti qoruyub saxlayır. Bu qaranlıq və qeyri-adi dünyaya bir neçə saatlıq səyahət belə tam versiyanı səbirsizliklə gözləməyə kifayət edir.