“Electronic Arts” (EA) şirkəti boks simulyatoru janrının kult layihələrindən sayılan “Fight Night” videooyun seriyasının geri qayıdacağını rəsmi şəkildə bəyan edib. Sözügedən anons “EA Sports”un rəsmi sosial şəbəkə hesablarında paylaşılıb.
Tərtibatçılar layihənin detalları, çıxış tarixi və ya dəstəklənəcək platformalar barədə hələlik heç bir əlavə məlumat verməyərək yalnız qısa və simvolik bir mesajla kifayətləniblər:
“Rinqdə bizim küncümüzdə qalan hər kəsə: ‘Fight Night’ geri qayıdır”, — deyə paylaşımda qeyd olunub.
“Fight Night” — peşəkar boks simulyatoru janrında 2004–2011-ci illər aralığında konsollar üçün buraxılmış ən məşhur idman oyun seriyalarından biridir. İllərdir azarkeşlər tərəfindən yenilənməsi səbirsizliklə gözlənilən layihənin sonuncu əsas buraxılışı (“Fight Night Champion”) 2011-ci ildə işıq üzü görmüşdü.