Rejissor Kventin Tarantino və Epic Games birlikdə “Yuki’nin İntiqamı” adlı qısametrajlı filmi təqdim ediblər.
Premyera 30 noyabrda Fortnite oyununun “battle royale” rejimində baş tutub. Süjet, həlak olmuş Qoqo Yubarinin bacısının intiqamını təsvir edir: qız ABŞ-a gələrək Beatriks Kiddonu öldürmək istəyir. Sosial şəbəkələrdə artıq oyun içi “seans”dan çoxlu videoyazılar paylaşılır.
Filmin müddəti 10 dəqiqədir. Qısametrajlı film Unreal Engine mühərrikində, Fortnite qəhrəmanlarının oyun modellərindən istifadə edilməklə çəkilib. Bu personaj modellərini oyunda skin kimi əldə etmək mümkündür.
“Yuki’nin İntiqamı” həm də yeddinci fəsilin birinci sezonunun startı şərəfinə təqdim olunub. Genişmiqyaslı yeniləmə “Bir zamanlar sahildə” (“Once Upon a Coastline”) adlanır və Hollivud kino estetikasına həsr edilib.