Naughty Dog studiyasının rəhbəri Neil Drakmann son müsahibəsində The Last of Us 3 oyununu hələlik qəti layihə kimi görmədiklərini açıqlayıb. O, ikinci hissənin açıq sonluğuna və əvvəlki fikirlərinə baxmayaraq, fanatların böyük ümidlər bəsləməməli olduğunu bildirib.
Variety jurnalına verdiyi müsahibədə, HBO-nun The Last of Us serialının ikinci mövsümü müzakirə olunarkən Drakmanna üçüncü hissə barədə sual verilib.
“Bu sualı gözləyirdim. Deyə biləcəyim yeganə şey budur: The Last of Us-un davamına çox da bel bağlamayın. Bu, son ola bilər” – Drakmann belə cavab verib.
Qarışıq siqnallar və studiyanın yeni istiqaməti
Bu açıqlama onun 2023-cü ilin fevralında The Last of Us Part II-nin hazırlanması ilə bağlı çəkilmiş sənədli filmdə dedikləri ilə ziddiyyət təşkil edir. Həmin vaxt üçüncü hissə üçün maraqlı bir ideya tapdığını və bu konsepsiyanın ilk iki oyun qədər təsirli olduğunu bildirmişdi.
Lakin Naughty Dog bu arada PS5 üçün yeni layihəsi olan Intergalactic: The Heretic Prophet oyununu elan edib. Studiyanın The Last of Us-un çoxnəfərlik rejimini ləğv etməsi də onların fərqli istiqamət götürdüyünü təsdiqləyir. Şirkət hazırda bir neçə yeni ambisiyalı təkoyunçu layihələri üzərində işlədiyini bildirib.