LoL ulduzu Milkyway-ə bəraət verildi: O, peşəkar səhnəyə qayıdır

by Nigar Məmmədova
0 comments

“League of Legends” dünyasının tanınmış simalarından olan Tsay “Milkyway” Tszı-Tsyun yenidən peşəkar arenaya qayıtmağa hazırlaşır. Belə ki, polis tərəfindən aparılan araşdırmalar nəticəsində kiberidmançının “danışılmış oyunlarda” (match-fixing) iştirakı ilə bağlı irəli sürülən bütün ittihamlar ləğv edilib.

21 yaşlı oyunçuya qarşı iddialar bu ilin əvvəlində ortaya çıxmışdı. İddia olunurdu ki, o, “Royal Never Give Up” (RNG) komandasında çıxış etdiyi dövrdə — “Demacia Cup 2024” turniri zamanı komandanın draft (personaj seçimi) məlumatlarını və daxili strategiyalarını kənar şəxslərə sızdırıb. Bu məlumatların qeyri-qanuni mərc oyunlarında istifadə edildiyi güman edilirdi. Bu şübhələr səbəbindən həmin vaxt formasını geyindiyi “FunPlus Phoenix” komandası araşdırma bitənə qədər onu heyətdən kənarlaşdırmışdı.

Lakin həqiqət üzə çıxıb. Oyunçu Çinin “Weibo” sosial şəbəkəsində bəyanat yayaraq, Şanxayın Lounan polis idarəsi tərəfindən aparılan təhqiqatın heç bir cinayət faktı aşkar etmədiyini bildirib. Rəsmi nəticələrə görə, 2025-ci ilin avqustunda “Canyon Kkz” adlı istifadəçi tərəfindən paylaşılan yazışma skrinşotlarının saxtalaşdırıldığı və heç bir hüquqi əsasının olmadığı təsdiqlənib.

Milkyway ona qarşı böhtan atan və dezinformasiya yayan şəxsləri məhkəməyə vermək niyyətindədir. O, müraciətinin sonunda pərəstişkarlarını əmin edib ki, artıq böyük kiberidmana qayıtmaq üçün tam hazırdır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın