Çində keçirilən “CS Asia Championships 2026” turnirinin qrup mərhələsində növbəti gərgin qarşılaşmalar baş tutub. MOUZ “M80” komandasını, The MongolZ isə “Team Liquid” kollektivini məğlub edərək rəqiblərini turnirdən kənarlaşdırıb.
Matçların nəticələri:
- MOUZ — M80 (2:1): Seriyanın ilk xəritəsi olan “Overpass”da MOUZ rəqibini 13:3 hesabı ilə darmadağın edib. Lakin amerikalılar təslim olmayaraq növbəti “Inferno” xəritəsini 13:10 hesabı ilə öz xeyirlərinə bağlamağı bacarıblar. Həlledici “Mirage” xəritəsində isə Dorian “xertioN” Bermanın komandası yenidən üstünlüyü ələ keçirərək 13:2 hesablı rahat qələbə qazanıb.
- The MongolZ — Team Liquid (2:1): Paralel keçən digər ölüm-dirim matçında Moğolistan təmsilçisi “Team Liquid” üzərində geridönüşlə qalib gəlib. “Liquid” seriyaya “Mirage” xəritəsində 13:10 hesablı qələbə ilə başlasa da, “The MongolZ” növbəti xəritələrdə — “Inferno”da (13:7) və “Nuke”da (13:9) daha güclü tərəf olduğunu sübut edib.
Turnirdəki son vəziyyət
Bu nəticələrdən sonra MOUZ və The MongolZ sabah pley-off mərhələsinə vəsiqə qazanmaq uğrunda həlledici oyunlarına çıxacaqlar. Turnirlə vidalaşan M80 və Team Liquid isə yarışı 9–12-ci yerlərdə başa vuraraq hərəyə 10 000$ pul mükafatı əldə ediblər.
“CS Asia Championships 2026” turniri 20-24 may tarixlərində Çində keçirilir. 16 komandanın mübarizə apardığı LAN-turnirdə yalnız 6 kollektiv pley-offa yüksələ biləcək. Yarışın ümumi mükafat fondu 1 000 000$ təşkil edir.