Kibersportun tanınmış klublarından olan Natus Vincere (NAVI) Dota 2 bölməsində struktur dəyişikliyi elan edib. Rəsmi məlumata əsasən, klub əsas heyəti – o cümlədən komandanın lideri Artyom “Yuragi” Qolubevi də – buraxaraq əsas yerə NAVI Junior kollektivini gətirəcək.
Bu dəyişiklik iyun ayının sonunda keçiriləcək PGL Wallachia Season 5 turnirindən sonra qüvvəyə minəcək. Həmin vaxta qədər köhnə heyət öz çıxışlarını başa vuracaq.
NAVI Junior – artıq böyük səhnəyə hazır
Gənclər komandası artıq iki nüfuzlu turnirə vəsiqə qazanmaqla rəhbərliyin etimadını qazanıb:
- Riyadh Masters 2025
- The International 2025
Əksinə, əsas komanda isə hər iki turnirin seçmə mərhələsində uğursuz çıxış edib və bu, klubun rəhbərliyi üçün həlledici siqnal olub. Struktur dəyişikliyinə səbəb kimi məhz bu nəticəsizlik göstərilir.
NAVI rəhbərliyi gənc və motivasiyalı oyunçulara etibar etməklə uzunmüddətli uğur planlaşdırır. Gələcəkdə bu qərarın təşkilata həm nəticə, həm də reputasiya baxımından nə verəcəyi maraqla izləniləcək.