PGL Belgrade 2025 üzrə Counter-Strike 2 turniri artıq Serbiyada baş tutmayacaq. Təşkilatçılar gözlənilməz logistik çətinliklər səbəbilə tədbiri Buxarestə köçürmək qərarına gəliblər. Turnir əvvəl planlaşdırıldığı kimi böyük arenada deyil, PGL-in Buxarestdəki studiyasında keçiriləcək.
Rəsmi açıqlama
PGL şirkəti rəsmi bəyanatında bildirib:
“Gözlənilməz logistik çətinliklər səbəbilə, PGL Belgrade 2025 artıq Serbiyada deyil, Rumıniyanın Buxarest şəhərindəki studiyamızda keçiriləcək. Biz yenə də PGL formatına dərin hörmət bəsləyir və oyunçulara, azarkeşlərə yaddaqalan bir təcrübə yaşatmağa sadiq qalırıq. Serbiyaya gələcəkdə qayıtmağı səbirsizliklə gözləyirik.”
Turnirin əhəmiyyəti və əvvəlki nəticələr
Qeyd edək ki, PGL Belgrade 2025 ikinci yarımildə CS2 üzrə keçiriləcək ən vacib turnirlərdən biri hesab olunurdu və köhnə RMR sistemi əvəz edəcək yeni formatın bir hissəsi idi.
PGL-in Buxarestdə sonuncu turniri bu ilin 6–13 aprel tarixlərində baş tutmuşdu. 625 min dollar mükafat fondu uğrunda mübarizədə Team Falcons, finalda G2 Esports komandasını 3:0 hesabı ilə məğlub edərək çempion olmuşdu.