EA şirkəti EA Sports FC 26 və FC Mobile 26 üçün beynəlxalq futbol atmosferini, yeni rejimləri və köklü geympley dəyişikliklərini ehtiva edən genişmiqyaslı “The World’s Game” yeniləməsini təqdim edir. Əsas yeniləmə mayın 28-də işıq üzü görüb, məzmunun müəyyən hissəsi isə bir qədər sonra — iyunun 4-dən etibarən əlçatan olacaq.
Dünya çempionatı formatında yeni turnir
Yeniliyin baş qəhrəmanı oyunçuların 50-dən çox lisenziyalı milli komanda arasından seçim edərək 48 komandalıq nəhəng yarışda güclərini sınaya biləcəyi turnir rejimidir. Seçimlər arasında Braziliya, İngiltərə, Fransa, Bosniya və Herseqovina kimi iddialı yığmalarla yanaşı, Özbəkistan və Kabo-Verde kimi daha az populyar komandalar da yer alır.
Turnirin formatı real çempionatlara maksimum dərəcədə yaxınlaşdırılıb:
- Qrup mərhələsi: Hər komanda üçün üç oyun;
- Pley-off mərhələsi: 1/16 finaldan başlayan gərgin mübarizə.
Növbəti mərhələyə hər qrupdan ən yaxşı iki komanda, həmçinin əlavə göstəricilərə — xallara, top fərqinə, vurulan qollara və fair play xallarına görə üçüncü yeri tutan ən yaxşı yığmalar vəsiqə qazanacaq.
Oyunun konsol versiyasına Gillette Stadium, BMO Field və xüsusi olaraq dizayn edilmiş Central Maw arenası da daxil olmaqla yeni stadionlar əlavə ediləcək. Bundan əlavə, tərtibatçılar oyunçu icmasının rəylərini nəzərə alaraq PlayStyles balansı da daxil olmaqla geympleydə mühüm təkmilləşdirmələr aparacaqlar.
Ultimate Team-də “Festival of Football” və Pulsuz Pele
Ultimate Team rejimi yeni Event Hub və xüsusi kampaniyaların yer alacağı tematik “Festival of Football” tədbiri ilə zənginləşəcək. İyunun 5-dən iyulun 24-dək oyuna daxil olan hər kəs 93 reytinqli pulsuz Pele kartı və üç “Choose Your Journey” təkamülü (evolution) qazanacaq.
Mobil versiyada nə dəyişir? FC Mobile 26 versiyasında əsas diqqət əlçatanlığa və oyunçu inkişafına yönəlib. Yeniləmə bura da yığma komandaların turnir rejimini, xüsusi tədbirləri, mükafatları və tematik oyunçu məzmununu gətirəcək. Bununla belə, FIFA-nın rəsmi hüquqları olmadığı üçün turnir brendinqi kimi genişmiqyaslı vizual elementlər məhdudlaşdırılacaq.
Relizdən önvə EA şirkəti YouTube-da xüsusi təqdimat keçirərək yeni rejimləri, Quick Match funksiyasını, PlayStyles dəyişikliklərini və UTOTS-un ən son məzmununu ətraflı şəkildə nümayiş etdirib.
Dünya Çempionatının rəsmi adından istifadə edilməsə de, “The World’s Game” yeniləməsi FC 26 və FC Mobile tarixinə mövsümün ən böyük hadisələrindən biri kimi düşməyə və beynəlxalq futbol coşğusunu yenidən virtual yaşatmağa iddialıdır.