VALORANT Challengers France turnirində baş verən insidentdən sonra Riot Games, Fransa təmsilçisi DVM komandasının turnirdə iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bu barədə yarış təşkilatçıları sosial şəbəkə üzərindən rəsmi açıqlama yayıblar.
Təşkilatçılar bildiriblər: “Bu qərar, DVM-in liqanın iştirakçılarından və azarkeşlərindən gözlənilən dəyərləri və peşəkarlıq standartlarını yerinə yetirə bilməməsi səbəbindən qəbul edilib.”
8 aprel tarixində DVM ilə Joblife komandaları arasında keçirilən oyun zamanı azarkeşlər arasında fiziki toqquşma baş verib. Arenada gərginlik yaranaraq oyunun yarımçıq qalmasına səbəb olub və iştirakçılar təhlükəsizlik məqsədilə dərhal təxliyə olunub. Hadisənin DVM tərəfdarlarının təhriki ilə başladığı qeyd olunur.
DVM hələlik rəsmi açıqlama yaymayıb. Lakin komandanın təsisçiləri insidentlə birbaşa əlaqələrinin olmadığını öncəki bəyanatlarında bildirmişdilər.