Kiberidman təşkilatı 100 Thieves (100T) beş illik fasilədən sonra Counter-Strike səhnəsinə qayıda bilər. Komanda sonuncu dəfə CS:GO turnirlərində iştirak etmişdi.
İnsayder Aleksey “OverDrive” Biryukovun məlumatına görə, layihənin əsas şərti norveçli ulduz Håvard “rain” Nygaardın razılığı olub. Məlumata əsasən, rain müqaviləni yalnız güclü komanda əsası formalaşdırılacağı təqdirdə imzalayıb.
Təşkilatın əsas prioriteti Avropa təmsilçisi GamerLegion komandasının üç oyunçusunu heyətə qatmaqdır, lakin adlar hələ açıqlanmayıb. Əgər bu məlumat təsdiqlənərsə, 100 Thieves əvvəlki kimi Asiya və Okeaniya bölgəsində deyil, Avropada çıxış edəcək.
Qeyd edək ki, 100 Thieves təşkilatı Matthew “Nadeshot” Haag tərəfindən 2017-ci ildə təsis olunub və oktyabr 2020-də CS:GO səhnəsini tərk edib.
Håvard “rain” Nygaard isə 2016-cı ildən FaZe Clan tərkibində çıxış edir. 2025-ci ildə o, komanda ilə birlikdə PGL Cluj-Napoca 2025 və ESL Grand Slam Season 5 yarışlarında 4-cü yer, həmçinin BLAST.tv Austin Major 2025 turnirində 5–8-ci yerlər qazanıb.