Tanınmış kiberidman analitiki və məşqçisi Dmitri “hooch” Boqdanov öz “Telegram” kanalında maraqlı bir iddia ilə çıxış edib. Onun sözlərinə görə, Eşli “ash” Batti “FaZe Clan“ın yeni baş məşqçisi ola bilər.
Lakin analitik hesab edir ki, hətta bu səviyyəli bir mütəxəssisin gəlişi belə, heyətdə köklü dəyişikliklər edilmədən komandanı əvvəlki zirvələrə qaytarmağa kifayət etməyəcək.
Boqdanov mövzu ilə bağlı bunları qeyd edib:
“Şayiələrə görə, FaZe +ash! Əgər bu doğrudursa, böyük uğurdur (WW). Yenə deyirəm, bu məlumat sadəcə diqqət çəkmək üçün atılmış bir yalan (bait) da ola bilər, lakin aydındır ki, ash hazırda istənilən komanda üçün olduqca cəlbedici namizəddir. P.S. Amma heyətdə dəyişikliklər edilməsə, hətta belə bir ‘sehrbaz’ belə vəziyyətin öhdəsindən gələ bilməyəcək”.
Xatırladaq ki, Filip “NEO” Kubski 16 mart 2026-cı il tarixində “FaZe Clan”ın məşqçi postunu tərk edib. 2023-cü ilin iyulundan komandaya rəhbərlik edən polşalı mütəxəssisin dövründə kollektiv “IEM Sydney 2023”, “CS Asia Championships 2023” və “IEM Chengdu 2024” turnirlərinin qalibi olub.
Onun rəhbərliyi altında “FaZe Clan” üç dəfə “Major” (kiberidmanda ən nüfuzlu dünya turnirləri seriyası) finallarına yüksələrək gümüş mükafatçı olub: Kopenhagen (2024), Şanxay (2024) və Budapeşt (2025). Məşqçilik karyerasına başlamazdan əvvəl “NEO” peşəkar oyunçu kimi tanınıb və “Virtus.pro” heyətində “EMS One Katowice 2014” dünya çempionatının qalibi adını qazanıb.