Supercell şirkəti rəsmən Brawl Stars Championship 2026 turnir seriyasının iştirakçıları üçün nəzərdə tutulmuş yeni oyun daxili mükafat sistemini elan etdi. Builki mükafatlar “Chaos Drop” və “Legendary Drop” kimi qiymətli əşyalarla zəngindir və oyunçulara “Championship Challenge” mərhələsindən başlayaraq Dünya Finalına qədər hər bir pillədə təqdim olunacaq.
Sosial media üzərindən paylaşılan məlumatlara görə, bonusların paylanma sistemi turnirin müxtəlif mərhələlərini əhatə edir. İlkin mərhələ olan “Championship Challenge” zamanı oyunçular hər üç qələbədən bir bir ədəd Chaos Drop qazanacaqlar. Bu qutuların içərisindən oyun valyutasından tutmuş müxtəlif skinlərə qədər təsadüfi mükafatlar çıxa bilər.
Aylıq seçmə mərhələlərində (Monthly Qualifier) isə sistem daha da maraqlı hal alır. İlk gündə iştirakçılar keçdikləri hər raund üçün bir Chaos Drop alırlar. İkinci gün isə mükafatların dəyəri artır; birinci raundu tamamlayan hər kəsə nadir əşyaların olduğu Legendary Drop, növbəti raundlar üçün isə yenidən Chaos Drop-lar verilir. Aylıq finallarda da hər bir raundun keçilməsi oyunçuları yeni Chaos Drop-larla mükafatlandırır.
Turnirin zirvəsi sayılan Dünya Finalına (World Finals) vəsiqə qazanan kiberidmançılar isə daha özəl hədiyyələrlə qarşılanacaqlar. Bu mərhələyə çatmış oyunçular eksklüziv LAN mükafatları, o cümlədən xüsusi oyunçu titulu (title) və digər nadir bonuslar əldə edəcəklər. Supercell-in bu addımı həm peşəkar kiberidmançıları, həm də həvəskar oyunçuları turnirdə iştirak etmək üçün daha çox motivasiya etmək məqsədi daşıyır.