BLAST.tv Austin Major 2025 turnirində gözlənilməz nəticə: CS2 üzrə mövsümün favoritlərindən biri hesab edilən Team Vitality, Legacy komandası ilə qarşılaşmada darmadağın olaraq 30 oyunluq məğlubiyyətsiz seriyasını itirdi.
Legacy-dən şok nəticə
Fransalı kapitan Dan “apEX” Madesclaire-in rəhbərlik etdiyi Vitality, turnirin üçüncü mərhələsində braziliyalı Legacy ilə Inferno xəritəsində qarşılaşdı. Matç 13:3 hesabı ilə Legacy-nin xeyrinə başa çatdı. Bu, Vitality-nin yanvar 2025 tarixindən bəri ilk məğlubiyyəti oldu.
Legacy turnirə əvəzedici kimi qatıldı
Legacy, turnirdə BESTIA komandasının əvəzinə iştirak edir. Argentinadan olan BESTIA-nın oyunçuları ABŞ vizası ala bilmədiyinə görə, onların yerini braziliyalı kollektiv tutdu. Əslində, Legacy regional seçmə mərhələni keçə bilməmişdi, lakin əsas mərhələdə iştirak şansı qazanaraq mübarizəyə birinci mərhələdən başlayıb.
Komandanın oyunçusu Eduardo “dumau” Volkmer və yoldaşları bu sensasion nəticə ilə BLAST.tv Austin Major 2025-in ən maraqlı hadisələrindən birinə imza atdılar. Qeyd edək ki, turnirin mükafat fondu 1,25 milyon ABŞ dolları təşkil edir.