Valve, Counter-Strike 2 (CS2) üzrə keçiriləcək böyük turnirlərdə iştirakçıları müəyyən edən VRS (Valve Ranking System) reytinq sistemində önəmli dəyişikliklər edib. Şirkət, xüsusilə son dövrlərdə sistemdə yaranmış boşluqlar və sui-istifadə hallarını aradan qaldırmaq məqsədilə fevral ayında mühüm yeniliklər tətbiq edib.
az-esports.com VRS sistemində aparılan üç əsas yeniliyi təqdim edir:
1. Matçdan imtina məğlubiyyət sayılacaq
Yanvar və fevral aylarında Imperial Valkyries qadın komandasının kişilərdən yüksək reytinqdə olması diqqət çəkmişdi. Komanda, xüsusən kiçik onlayn turnirlərdə məğlub olmamaq üçün sadəcə matçlardan imtina edirdi. Əvvəlki qaydalarda matçdan imtina etməklə bağlı hər hansı cəza tətbiq olunmurdu və bu boşluq həm qadın, həm də kişi komandaları arasında “trend” halını almışdı.
25 fevral tarixindən etibarən matçdan imtina edən komanda, məğlubiyyətlə eyni miqdarda reytinq xalı itirəcək. Lakin, əvvəlki hallarla bağlı (məsələn, Imperial Valkyries hadisəsi) geriyə dönük tədbirlər görülməyəcək.
2. Böyük LAN-turnirlərdən sonra dəvətlərin yenilənməsi
Valve reytinq xalları, hər oynanılan matçdan sonra hesablanır. Lakin əsas xallar, komandanın qazandığı mükafat məbləğinə əsaslanır. Əvvəlki sistemdə əsas problem, gələcək turnirlər üçün göndərilən dəvətlərin cari turnir nəticələrini nəzərə almaması idi.
Məsələn, GamerLegion komandası bu boşluq səbəbilə BLAST Open Lisbon 2025 turnirinə dəvət ala bilməmişdi. Komanda IEM Katowice 2025 turnirində 7-8-ci yeri tutsa da, turnir yalnız 9 fevralda başa çatdığı üçün Valve reytinqi 3 fevral tarixində bu nəticəni nəzərə almamışdı.
Yeni yeniliklə, dəvət tarixləri daha çevik və məntiqli olacaq, böyük LAN-turnirlərdən sonra nəticələrə uyğun şəkildə dəvətlər göndəriləcək.
3. ESL-dən “gizli” mükafatların nəzərə alınması

ESL və BLAST turnir operatorlarına partnyor liqalar və avtomatik dəvətlər qadağan olunduqdan sonra hər iki operator müxtəlif yollarla bu çətinlikdən çıxmağa çalışıb. ESL, təşkilatlar üçün əlavə mükafat fondu təyin edib, lakin bu məbləğ oyunçulara deyil, birbaşa təşkilat rəhbərlərinin hesablarına köçürülür.
Məsələn, Vitality komandası IEM Katowice 2025 turnirində 400 min dollar qazansa da, təşkilat özü əlavə 60 min dollar əldə edib.
25 fevral tarixindən etibarən VRS reytinqi bu “gizli” mükafatları da nəzərə alacaq. Lakin, əsas problem şəffaflıq məsələsidir. Məsələn, PGL kimi digər turnir operatorları bu cür ödəmələri ictimaiyyətdən gizlədə bilər, bu da VRS sistemində fərqli turnirlər üçün fərqli nəticələr yarada bilər.
Növbəti böyük turnir: ESL Pro League 21
Növbəti böyük LAN-turnir, ESL Pro League 21 olacaq. Turnir İsveçin paytaxtı Stokholmda keçiriləcək. Spirit komandası, Valve reytinqində birinci yeri tutaraq əsas mərhələyə birbaşa dəvət alıb.
Son xəbərləri və yenilikləri az-esports.com saytında izləyə bilərsiniz!