Valve şirkəti oyunlarda süni intellektin (Sİ) tətbiqi barədə məlumatların verilməsi ilə bağlı Steam qaydalarına nəzərəçarpacaq düzəlişlər edib. 2024-cü ildən etibarən şirkət tərtibatçılardan layihənin yaradılması zamanı generativ süni intellektdən istifadə edilib-edilmədiyini qeyd etməyi tələb edir. Bu məlumatlar mağazadakı oyun səhifəsində “AI Generated Content Disclosure” bölməsində əks olunur.
“GameDiscoverCo”dan Saymon Karless Steam-in siyasətindəki dəyişikliklərə diqqət çəkib; burada Valve dəqiqləşdirib ki, kodlaşdırma köməkçiləri kimi Sİ əsaslı alətlər xüsusi nişanlanma tələb etmir. Bununla belə, tərtibatçılar oyun daxilində, mağaza səhifəsində və ya marketinq materiallarında oyun məzmununun yaradılması üçün Sİ-dən istifadə edildiyini bildirməyə borcludurlar. Oyun prosesi zamanı süni intellekt tərəfindən yaradılan (generated) məzmun üçün ayrıca qeyd tələb olunur.
Ötən il keçirilmiş “Game Developers Conference” sorğusunun nəticələrinə görə, tərtibatçıların əksəriyyəti, yəni 52 faizi, şirkətlərinin artıq generativ süni intellektdən istifadə etdiyini bildirib.