25 iyun tarixində “PlayStation 5” və “Xbox Series X/S” konsolları üçün start götürən “Grand Theft Auto VI” oyununun öncədən sifarişləri rekord göstəricilərə çatıb. Analitik məlumatlara əsasən, səbirsizliklə gözlənilən layihə rəsmi çıxışından əvvəl tərtibatçı şirkətə yüz milyonlarla dollar vəsait qazandırıb.
6.4 milyondan çox nüsxə və platforma bölgüsü
“Sensor Tower” analitik şirkətinin hesabatına görə, ilkin sifarişlər başladığı andan etibarən “GTA 6″nın təxminən 6.45 milyon nüsxəsi satılıb. Bu göstərici oyunun rəsmi relizinə qədər “Rockstar Games”ə 630 milyon dollardan çox gəlir təmin edib.
Platformalar üzrə bölgüdə “PlayStation 5” konsolu aşkar liderdir:
- PlayStation 5: İlkin sifarişlərin 74%-i “Sony”nin konsolunun payına düşüb — satılan 4.8 milyon nüsxə ümumilikdə 468 milyon dollar gəlir gətirib;
- Xbox Series X/S: 1.66 milyon nüsxə satılıb və 162 milyon dollar məbləğində gəlir qeydə alınıb.
Reliz tarixi və ilk həftə üçün rekord proqnoz
Ekspertlər satış dinamikasının 19 noyabr tarixində baş tutacaq rəsmi buraxılışa yaxınlaşdıqca kəskin şəkildə artacağını bildirirlər. “Newzoo” analitiklərinin proqnozlarına əsasən, “GTA 6” yalnız satışa çıxdığı ilk həftə ərzində 5.2 milyard dollara qədər ümumi gəlir toplayaraq dünya əyləncə və videooyun sənayesi tarixinin ən böyük startına imza ata bilər.