“Famitsu”nun məlumatına görə, Nintendo artıq ardıcıl 21 ildir ki, Yaponiya fiziki oyun bazarında üstünlüyünü qoruyub saxlayır. Şirkətin yeni nəsil konsolu olan Nintendo Switch 2, satışa çıxarıldığı andan etibarən 3,78 milyon ədəd satılaraq Yaponiya tarixinə ən sürətli satılan konsol kimi düşüb.
Müqayisə üçün qeyd edək ki, orijinal Nintendo Switch bir il ərzində 1,52 milyon ədəd satılmışdı. Digər tərəfdən, PlayStation 5 879 min, Xbox Series X|S 31 min, PlayStation 4 isə cəmi 1 087 ədəd satılıb ki, bu da Sony-nin Yaponiya bazarındakı mövqelərinin tədricən zəiflədiyini bir daha sübut edir.
Proqram təminatı seqmentində də Nintendo inamlı liderliyini davam etdirir. Ölkədəki ən uğurlu 10 fiziki relizdən doqquzu Switch və Switch 2 oyunlarının payına düşür. Ən populyar oyun isə Switch 2-nin start layihəsi olan və 2,66 milyon nüsxə ilə satılan Mario Kart World olub.
Bu uğurlar sayəsində Yaponiya oyun bazarı əhəmiyyətli dərəcədə böyüyüb. Bazarın həcmi 2024-cü ildəki 301,32 milyard iendən 2025-ci ildə 418,13 milyard ienədək artıb və bu artımda əsas rolu konsol satışları oynayıb. Bununla belə, ilin sonunda Switch 2-nin satış tempi orijinal Switch-in start dövründəki göstəricilərindən bir qədər geri qalıb.
Yaponiyada ən çox satılan 10 fiziki oyun:
- Mario Kart World (Switch 2) — 2 668 381 nüsxə
- Pokémon Legends Z-A (Switch) — 1 529 823 nüsxə
- Pokémon Legends Z-A (Switch 2) — 1 004 154 nüsxə
- Monster Hunter Wilds (PS5) — 838 319 nüsxə
- Super Mario Party Jamboree (Switch) — 498 397 nüsxə
- Donkey Kong Bananza (Switch 2) — 435 206 nüsxə
- Kirby Air Riders (Switch 2) — 424 837 nüsxə
- Minecraft (Switch) — 346 606 nüsxə
- Mario Kart 7 Deluxe (Switch) — 342 866 nüsxə
- Dragon Quest I & II HD-2D Remake (Switch) — 316 439 nüsxə