Esports World Cup Foundation (EWCF) rəsmən təsdiqləyib ki, PUBG: Battlegrounds oyunu Esports Nations Cup 2026 proqramına daxil edilib. Noyabrın 11-dən 15-dək keçiriləcək bu beynəlxalq turnirdə 24 milli komanda mübarizə aparacaq.
Turnirə vəsiqə qazanma qaydaları və iştirakçı bölgüsü aşağıdakı kimidir: KRAFTON-un milli yığma reytinqinə əsasən 12 komanda birbaşa dəvət alacaq, 10 komanda isə regional onlayn seçmə mərhələlər vasitəsilə müəyyən ediləcək. Regional kvotalar üzrə EMEA regionu 4 slot, Amerika 2 slot, Asiya 2 slot, Cənub-Şərqi Asiya və Okeaniya regionu isə 2 slot əldə edəcək. Əlavə olaraq, 2 komandaya xüsusi “Wildcard” dəvəti veriləcək.
Yarışın formatına əsasən, qrup mərhələsində hər birində 8 komanda olmaqla üç qrup formalaşdırılacaq və ən yaxşı 16 kollektiv Böyük Finala vəsiqə qazanacaq. Böyük Final məşhur “Smash Rule” sistemi ilə keçiriləcək: çempion olmaq üçün komanda əvvəlcə müəyyən xal həddini keçməli, daha sonra isə ən azı bir matçda qalib gəlməlidir. Final mərhələsində maksimum matç sayı 10 olaraq təyin edilib.
PUBG bu il ilk dəfə təşkil olunacaq Millətlər Kuboku üçün təsdiqlənmiş onuncu fənn olub. Turnirdə artıq Counter-Strike 2, Dota 2, Valorant, Mobile Legends: Bang Bang, Rainbow Six Siege, Honor of Kings və Trackmania kimi məşhur oyunların da yer alacağı əvvəlcədən elan edilmişdi.