Bu il bütün diqqətlərin böyük təşkilatlara yönəlməsi tamamilə təbiidir. Həmçinin, azarkeşlər “100 Thieves” və ya “BC.Game” kimi yeni formalaşan komandaların inkişafını izləməkdə maraqlıdırlar. Lakin bütün səs-küy ən məşhur heyətlər ətrafında cəmləşdiyi bir vaxtda, bəzi maraqlı fenomenlər tamamilə gözden qaçır.
FOKUS — “Counter-Strike” səhnəsinə yalnız bu il daxil olan Almaniya klubudur. Onlar avropalı oyunçulardan ibarət kifayət qədər yaxşı, lakin hələlik TIER-2 səviyyəli bir heyətlə müqavilə imzalayıblar. Başlanğıcda demək olar ki, heç kim onlara ciddi yanaşmırdı, çünki komandanın böyük perspektiv vəd etdiyi düşünülmürdü. Lakin fəaliyyətinin elə ilk ayında onlar hər kəsi təəccübləndirərək “PGL Bucharest 2026” turnirinə vəsiqə qazandılar. Komanda açıq seçmə mərhələsindən qapalı finala qədər çətin bir yol keçərək Rumıniyada keçiriləcək əsas turnirdə öz yerini təmin etdi.

Bu dəfə isə onlar özlərinin ikinci LAN turniri (oflayn yarış) olan Urban Riga Open Season 3-də çıxış etdilər. Danimarkadakı ilk turnirləri pley-off mərhələsindəki məğlubiyyətlə yekunlaşsa da, bu, onlar üçün problem yaratmadı. “Urban Riga Open Season 3” həm də “VALVE” reytinq xallarını toplamaq baxımından böyük əhəmiyyət kəsb edirdi. Komanda bütün turnir boyu bir matçda belə məğlub olmadı: qrup mərhələsini 3:0 hesabı ilə tamamlayan FOKUS, pley-offda bütün rəqiblərini 2:0 hesabı ilə üstələdi.
Nəticədə komanda 5 000 dollar mükafat qazandı və “VALVE” reytinqində birbaşa 78 pillə irəlilədi. Hazırda dünya reytinqində 53-cü yerdə qərarlaşan FOKUS artıq dünyanın ən yaxşı 50 komandası siyahısına daxil olmağa çox yaxındır.