ESL 2027-ci ildən etibarən turnirlərinin formatında irimiqyaslı dəyişikliklər edəcəyini rəsmən açıqlayıb. Əsas yenilik bütün yarışlarda pley-off mərhələsinin 8 komandadan ibarət olması və studiya finallarından tamamilə imtina edilərək həlledici oyunların azarkeşlərlə dolu arenalarda keçirilməsidir.
Bu yeni qaydalar “IEM Krakow 2027” turniri ilə tətbiq olunmağa başlayacaq və bütün ESL səhnəsi üçün yeni standarta çevriləcək.
8 komandalı pley-off — yeni standart
2027-ci ildən etibarən bütün ESL turnirləri aşağıdakı yenilikləri əhatə edəcək:
- Pley-offda 8 komanda (indiki 6 komanda əvəzinə);
- Həlledici mərhələlərdə daha çox oyun sayı;
- “Lower bracket” (aşağı tor) finallarından və sıralama (seeding) matçlarından imtina.
Faktiki olaraq, ESL daha klassik sistemə keçid edir və beləliklə, daha çox komanda böyük səhnədə çempionluq uğrunda mübarizə aparmaq şansı qazanır.
Bütün həlledici matçlar yalnız arenada
Əsas yeniliklərdən biri də diqqətin tamamilə azarkeşlərin olduğu LAN (oflayn) formatına yönəlməsidir. İndi bütün pley-off oyunları fanatların qarşısında keçiriləcək; studiya finalları artıq keçmişdə qalır. Təşkilatçılar vurğulayıblar ki, “Counter-Strike” canlı auditoriya qarşısında daha təsirli şou və atmosfer yaradır.
“Wildcard” dəvətləri: yeni heyətlər üçün şans
Digər vacib dəyişiklik isə nüfuzlu turnirlərə “Wildcard” dəvətlərinin (xüsusi dəvətnamələrin) tətbiqidir. Məsələn, “IEM Krakow 2027″də 4 əlavə dəvət nəzərdə tutulub. Bu dəvətlər əsasən heyətində dəyişiklik (reshuffle) etmiş komandalar üçün nəzərdə tutulub. Bu addım yeni heyətlərin (roster) reytinq xalları aşağı olsa belə, top-turnirlərdə iştirak şansını itirməməsinə şərait yaradacaq.
Mükafat fondu və maliyyə sistemi
ESL kiberidman sahəsinə ciddi investisiyalar yatıracağını da təsdiqləyib:
- 2027-ci ildə 11,45 milyon dollar baza ödənişləri;
- “Grand Slam” nəzərə alınmaqla ümumilikdə 12,45 milyon dollara qədər vəsait;
- “IEM Krakow” üçün 1 250 000 dollar mükafat fondu.
Mükafatların paylanması isə “top-heavy” (qalibə daha böyük pay) prinsipində olacaq — yəni çempionlar daha yüksək məbləğlər əldə edəcəklər.
Yeni şəhərlər və qlobal genişlənmə
2027-ci ildə ESL ən azı 3 yeni şəhərdə turnir keçirməyi və 3 müxtəlif qitəni əhatə etməyi planlaşdırır. Bu, CS2-nin qlobal səviyyədə inkişafında növbəti mühüm addımdır.
Yenilənmiş ESL təqvimi
2027-ci il mövsümü yanvarın 27-dən fevralın 7-dək keçiriləcək “IEM Krakow” ilə start götürəcək. Təqvimə həmçinin aşağıdakılar daxildir:
- ESL Pro League Season 25;
- İl boyu keçiriləcək müxtəli ESL yarışları;
- Esports World Cup;
- ESL Pro League Season 26.
Qeyd edək ki, “ESL Pro League” (EPL) mövsümlərinin müddəti artıq daha qısa olacaq. ESL-in bu qərarı son illərin ən ciddi format yenilənməsidir. 8 komandalı pley-off və səhnə oyunlarına fokuslanma turnirləri daha baxımlı edəcək.