Braziliyanın “FaZe Clan” kollektivi “Rainbow Six Siege” üzrə keçirilən mötəbər “BLAST R6 Major Osaka” çempionatının qalibi olub. Çoxqat dünya çempionları turnirin qran-final qarşılaşmasında “DarkZero Esports” komandasına heç bir şans verməyərək 3:0 hesablı inamlı qələbə qazanıblar.
Həlledici görüşdə “FaZe Clan” rəqibini üç xəritənin hamısında məğlub etməyi bacarıb. Açılış xəritəsi gərgin mübarizə və əlavə vaxt (overtime) ilə yadda qalsa da, növbəti xəritələrdə braziliyalılar üstünlüyü tam ələ alıblar:
- Border — 8:7 (“FaZe Clan”, əlavə vaxtda)
- Chalet — 7:4 (“FaZe Clan”)
- Lair — 7:4 (“FaZe Clan”)
Bu nəticə statistika baxımından da diqqət çəkib — Kopenhagendə keçirilən turnirdən bəri ilk dəfədir ki, “BLAST R6 Major” qran-finalında məğlub olan tərəf bir dənə də olsun xəritə qazana bilmir.
“Rainbow Six Siege” tarixində unikal rekord
Osakadakı zəfər “FaZe Clan” heyətini “Rainbow Six Siege” kiberidman səhnəsinin tarixinə qızıl hərflərlə yazdırıb. Braziliya təmsilçisi bu oyunun tarixində hər üç ən nüfuzlu titulu qazanan ilk komanda olub:
- Six Invitational
- Esports World Cup
- BLAST R6 Major
Qeyd edək ki, “Rainbow Six Siege” səhnəsində növbəti ən böyük beynəlxalq sınaq 2027-ci ilin fevral ayında baş tutacaq mövsümün əsas dünya çempionatı — “Six Invitational 2027” olacaq.