Dünyanın ən populyar kontent yaradıcılarından və strimerlərindən biri olan Nikolas “Jynxzi” Stüart özünün “Jynxzi Esports” adlı kiberidman təşkilatını təsis etdiyini rəsmən açıqlayıb. Məzmun yaradıcısının peşəkar arenaya daxil olduğunu “R6 Esports”un rəsmi sosial media hesabı da təsdiqləyib — yeni klub fəaliyyətinə birbaşa “Tom Clancy’s Rainbow Six Siege” səhnəsindən başlayır.
Təşkilat debüt üçün Şimali Amerika regional səhnəsində ardıcıl qələbələri ilə seçilən “FYR Strays” kollektivinin aktiv heyətini heyətinə qatıb. Sözügedən komanda son vaxtlar Palmetto-Beydə keçirilən “NA Open Cup” və Solt-Leyk-Sitidə baş tutan “NA Open Cup Finals” turnirlərinin qalibi olub.
“Jynxzi Esports”un rəsmi heyəti:
- Əsas heyət: Etan “Franklin” Franklin, Rayan “Mingo” Holl, bootz, jayyguns, Loo.
- Ehtiyat oyunçu: Brendon “Chixtt” Blum.
“Six Invitational 2027” və birinci divizion perspektivləri
Komandanın əvvəlki uğurları sayəsində “Jynxzi Esports” birbaşa olaraq “Six Invitational 2027” üçün nəzərdə tutulan Şimali Amerika “Last Chance Qualifier” (son şans seçmə mərhələsi) turnirinin pley-offuna vəsiqə qazanıb. Bu amil gənc kollektivə 2027-ci ilin fevralında keçiriləcək ən böyük dünya çempionatına lisenziya əldə etmək üçün real fürsət verir.
Bundan əlavə, kollektiv “Challenger Finals” yarışında mübarizə aparacaq. Bu turnirdə çempionluq qazanılacağı təqdirdə “Jynxzi Esports” birbaşa 2027-ci il mövsümündə “BLAST R6 North America League”in birinci divizionuna vəsiqə əldə edəcək və regionun “M80” və “DarkZero” kimi nəhəngləri ilə eyni liqada yarışmaq imkanı qazanacaq.
Jynxzi və “Rainbow Six Siege” inteqrasiyası
Daha əvvəl “Rocket League”, “Fortnite” və “League of Legends” üzrə icma turnirləri təşkil edən, eyni zamanda “Clash Royale”in qlobal populyarlığının yenidən artmasına böyük təkan verən Jynxzi üçün məhz “Rainbow Six Siege” karyerasının təməl oyunu hesab olunur.
İcmanın inkişafındakı böyük xidmətlərinə görə layihənin naşiri “Ubisoft” strimeri dəfələrlə fərqləndirib və onun şərəfinə rəsmi oyundaxili kosmetik paketlər buraxıb. Qeyd edək ki, “Jynxzi Esports”un yaradılması elanı Yaponiyada təşkil olunan “BLAST R6 Major Osaka 2026” çempionatının gedişatına təsadüf edib.