“Warhorse Studios” geymerlər tərəfindən birmənalı qarşılanmayan qərarına görə kəskin etirazlarla üzləşib. Şirkət dörd il ərzində “Kingdom Come Deliverance 2” oyununun orijinal çex mətnlərini ingilisdilli auditoriya üçün uyğunlaşdıran tərcüməçi Maks Heytmanek (Max Heitmanek) ilə əməkdaşlığa son qoyub.
Heytmanekin sözlərinə görə, onun işdən çıxarılması işin keyfiyyəti və ya hər hansı qayda pozuntusu ilə bağlı olmayıb. Həmçinin studiya daha ixtisaslı bir mütəxəssis də axtarmayıb. Bu addımın tək səbəbi xərclərin azaldılması istəyidir; belə ki, “Warhorse Studios” tərcümə işini süni intellektə həvalə etmək qərarına gəlib.
Tərcüməçi qeyd edib ki, studiya bu imkanı çoxdan nəzərdən keçirirdi, lakin o, işdən çıxarıldığını heç bir öncədən xəbərdarlıq almadan, artıq fakt qarşısında qalanda öyrənib. O, “Kingdom Come Deliverance 2”-nin uğuru fonunda rəhbərliyin bu münasibətini ədalətsiz sayır və ictimaiyyətin diqqətini çex studiyasının bu qərarına çəkməyə çalışır:
“Təxminən dörd il ərzində çox bağlandığım şirkət rəhbərliyi tərəfindən inanılmaz dərəcədə xəyanətə uğradığımı hiss edirəm. Ofisdə hər gün dostlarımı və həmkarlarımı görə bilməyəcəyim mənə çox ağrılı gəlir”.