FACEIT “matchmaking” sisteminə səkkizinci xəritəni əlavə edir: Seçimi oyunçular edəcək

by Nigar Məmmədova
0 comments

FACEIT platforması aprelin 22-də start götürəcək 8-ci mövsümün (Season 8) “map-pool”una (xəritə hovuzu) daxil ediləcək yeni xəritə üçün səsvermə elan edib. Bu dəfə oyunçulara “matchmaking” sisteminin səkkizinci xəritəsinin hansı olacağını müstəqil şəkildə müəyyən etmək şansı verilib.

Yeni sistem necə işləyəcək?

Yeni mövsümdən etibarən FACEIT rəqabətli oyunlar üçün xəritə sayını 8-ə çatdırır. Seçilən xəritə sistemin tamhüquqlu bir hissəsinə çevriləcək:

  • Həmin xəritədə keçirilən oyunlar üçün Elo xalları hesablanacaq;
  • Xəritə seçimi digər xəritələrlə eyni prinsiplər əsasında aparılacaq;
  • Həm “Free”, həm də “Premium” istifadəçilər bu xəritəni axtarışdan çıxara (exclude) biləcəklər.

Bu o deməkdir ki, yeni xəritə məcburi olmayacaq və onu oynamaq istəməyənlərin oyun təcrübəsinə mənfi təsir göstərməyəcək.

Oyunçular hansı xəritələrə səs verirlər?

Yekun səsverməyə ən yüksək Elo göstəricisinə malik top-1000 oyunçunun rəyi əsasında seçilmiş üç xəritə daxil edilib:

  • Vertigo
  • Cache
  • Train

Məhz bu xəritələrdən biri 8-ci mövsümdə FACEIT-in rəsmi oyun hovuzuna daxil ediləcək.

Səsvermənin son tarixi

Səsvermə aprelin 15-i, Bakı vaxtı ilə saat 19:00-da (CEST 17:00) başa çatacaq. Bundan dərhal sonra FACEIT qalibi elan edəcək və həmin xəritə rəqabətli oyun sisteminə əlavə olunacaq.

“Cache” və ya “Train” kimi klassik xəritələrin geri qayıtması FACEIT metasını, xüsusən də yüksək səviyyəli oyunçuların strategiyalarını ciddi şəkildə dəyişə bilər. Bu, həm də icmanın hansı xəritənin seçilməsinə birbaşa qərar verdiyi ilk belə haldır. Hansı xəritənin qalib gələcəyi isə artıq 22 apreldə bəlli olacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın