Məşhur insayder ShiinaBR aprelin 1-də “X” sosial şəbəkəsində “Fortnite”ın son yeniləməsi ilə bağlı maraqlı məlumatlar paylaşıb. Onun sözlərinə görə, oyunun yeni yamasındakı (patch) şifrələnmiş fayllar “Pixar”ın ikonik “Toy Story” (Oyuncaqların hekayəsi) franşizası ilə ilk əməkdaşlıq dalğasını təsdiqləyir.
Məlumata əsasən, oyuna ilk olaraq Bazz Layter və İmperator Zurq skinləri (personajın xarici görkəmi), həmçinin “Sidekick” (oyun zamanı oyunçunu müşayiət edən kosmetik yoldaş) qismində yadplanetlilər əlavə olunacaq. ShiinaBR bildirib ki, bu personajlar əvvəlcə xüsusi turnir vasitəsilə əlçatan olacaq: “BUZZ LIGHTYEAR və ZURG — ‘Showdown Cup: Bazz Zurqa qarşı’ turniri üçün nəzərdə tutulmuş skinlərdir”, — deyə o qeyd edib.
“Showdown Cup” erkən giriş mexanizmi rolunu oynayır; turnirdən sonra skinlər adi əşya mağazasına (item shop) daxil olur və onları “V-Bucks” valyutası ilə fərdi şəkildə almaq mümkündür. Üçgözlü “Little Green Men” yadplanetlilərinin isə “Sidekick” olacağı təsdiqlənib. Bu, keçən il “Fortnite”a əlavə edilmiş yeni kosmetik növüdür və tam ölçülü skin formatına uyğun gəlməyən personajlar üçün nəzərdə tutulub.
Əməkdaşlıq barədə ilk şayiələr hələ martın 8-də, insayder FNBRIntel-in Vudi, Bazz və Zurqun təsvir olunduğu şəkli paylaşması ilə yayılmışdı. Daha sonra, martın 18-də ShiinaBR “TOY STORY COLLAB DROPS IN EARLY SEASON 2” başlığı ilə bu detalları yenidən gündəmə gətirdi. Həmin vaxt “Pizza Planet” avtomobilinin də oyuna əlavə olunacağı deyilsə də, son sızıntılarda bu məlumat hələlik təsdiqini tapmayıb.
Yeni skinlər “Battle Pass Chapter 7 Season 2″yə daxil deyil və yalnız mağazada satılacaq. Hər bir skinin qiymətinin təxminən 1500 V-Bucks olacağı gözlənilir. Analitiklər xəritənin tamamilə “oyuncaq” üslubuna çevriləcəyi irimiqyaslı krossoveri az ehtimal etsələr də, bu variantı tam istisna etmirlər.
Bu layihə “Disney” və “Epic Games” arasındakı strateji tərəfdaşlığın bir hissəsidir. Xatırladaq ki, “Disney” birgə layihə üçün “Epic Games”ə milyardlarla dollar investisiya qoyub. Digər mühüm faktor isə 19 iyun 2026-cı il tarixində premyerası planlaşdırılan “Toy Story 5” filmidir.
“Toy Story” ilə kollaborasiya “Disney”in “Fortnite”dakı iştirakını genişləndirmək strategiyasının davamıdır. 2024-cü ilin fevralında qoyulan 1,5 milyard dollarlıq investisiyadan sonra oyuna artıq “İnanılmaz ailə”nin üzvləri, “Disney”in məşhur bədxahları, “Avatar” qəhrəmanları və “Ulduz müharibələri” kainatından personajlar əlavə edilib.