NAVI “Counter-Strike” tarixində bütün “Major” turnirlərinə qatılan yeganə klub oldu

by Nigar Məmmədova
0 comments

“Natus Vincere” (NAVI) təşkilatı “Counter-Strike” aləmində mütləq rekorda imza atıb. Belə ki, Ukrayna təmsilçisi dünyada indiyədək keçirilən bütün 24 “Major” (Valve tərəfindən təşkil olunan ən nüfuzlu dünya çempionatı seriyası) turnirinin hamısında iştirak edən yeganə klub kimi tarixə düşüb.

Komanda “Valve”ın dünya çempionatı seriyası start götürdüyü andan bu unikal statusu qoruyub saxlayır.

Klubun “Dota 2” intizamındakı statistikası isə bir qədər fərqlidir. NAVI heyəti indiyədək baş tutan 13 “The International” turnirindən 8-də iştirak edə bilib. Qeyd edək ki, təşkilatın “Dota 2” üzrə sonuncu böyük beynəlxalq qələbəsi 2016-cı ilin iyuluna təsadüf edir. Həmin vaxt kollektiv “StarLadder i-League StarSeries Season 2” turnirinin finalında “Team Secret” komandasını 3:1 hesabı ilə məğlub edərək çempion olmuşdu. O tarixdən bəri komanda “Tier-1” (beynəlxalq elit səviyyəli turnirlər) səviyyəli yarışlarda kubok qazanmağa nail olmayıb.

7 aprel 2026-cı il tarixinə olan məlumata görə, NAVI-nin CS2 heyəti “Valve”ın dünya reytinqində ikinci pillədə qərarlaşıb.

Bundan əlavə, 6 aprel 2026-cı ildə “Valve” şirkəti “IEM Cologne 2026” turnirinə dəvətlərin paylanacağı yenilənmiş VRS reytinqini dərc edib. “IEM Cologne Major 2026” turniri 2-21 iyun tarixlərində Almaniyada “LAN” (oflayn məkanlarda keçirilən yarış formatı) şəraitində keçiriləcək. Turnirdə iştirak edəcək 32 komanda 1,25 milyon dollar məbləğində mükafat fondu uğrunda mübarizə aparacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın