Ukraynanın “NAVI” kiberidman təşkilatı öz tarixində ilk dəfə “Brawl Stars World Finals” turnirinin qalibi olub. “Brawl Stars World Finals 2026” çempionatının qran-finalında komanda “FUT” kollektivini gərgin mübarizədə 4:3 hesabı ilə məğlub edərək mövsümü dünya çempionu statusunda başa vurub.
“NAVI”nin titul uğrunda mübarizəsi dünya çempionatına son vəsiqələrdən birini qazandığı “Last Chance Qualifier” mərhələsindən başlayıb. Qrup mərhələsində öz qrupunda ikinci yeri tutan kollektiv pley-off mərhələsinə yüksəlib.
Pley-offun ilk matçında “NAVI” artıq “FUT” ilə qarşılaşmış və 3:2 hesabı ilə qələbə qazanmışdı. Daha sonra “HMBLE” və “Elektros” komandalarını eyni — 3:1 hesabı ilə məğlub edən təmsilçi qran-finalda yenidən “FUT”a rəqib olub. Həlledici görüşdə də 4:3 hesabı ilə üstün olan “NAVI” turnirin əsas kubokuna sahib çıxıb. Bu titul “Nowy297” və “GeRo” üçün karyeralarında ikinci dünya çempionluğu olub, “Enraged” isə “Brawl Stars World Finals”da ilk dəfə qalib adını qazanıb.
Klub sahibinin təbriki və mükafat fondu
“NAVI” klubunun sahibi Maksim Krippa komandanı tarixi nəticə münasibətilə təbrik edib: “Bu gün “NAVI” öz tarixinə yeni bir səhifə yazdı. Klubun mövcud olduğu bütün dövr ərzində komandamız ilk dəfə “Brawl Stars” üzrə dünya çempionu oldu. Hər bir qələbə Ukraynanın güclü komandalara malik olduğunun və kiberidmanın dünya liderləri sırasında yer almağa qadir olduğunun daha bir təsdiqidir. Oyunçuları, məşqçilər korpusunu və bütün “NAVI” komandasını təbrik edirəm”.
Bu qələbəyə görə “NAVI” 450 000 ABŞ dolları məbləğində mükafat qazanıb. Qeyd edək ki, “Brawl Stars World Finals 2026” turnirinin ümumi mükafat fondu 1 milyon dollar təşkil edirdi.