“Riot Games” şirkətinin son bəyanatına əsasən, “Valorant Champions Tour” (VCT) kiberidman ekosistemi 2027-ci ildə genişmiqyaslı yenilənməyə hazırlaşır. Bu yeniliklər həm turnir strukturunu, həm də komandalar üçün nəzərdə tutulan maliyyə stimullarını əhatə edəcək.
Turnir formatı və Tier-1 səhnəsi
Yeni qaydalara əsasən, Tier-1 səhnəsi daha açıq və əlçatan olacaq. Artıq “Kickoff” seriyası və “VCT Cups” turnirlərindən əvvəl açıq seçmə mərhələləri (open qualifiers) keçiriləcək. “Riot” hər il 16 fərqli şəhərdə 20-yə yaxın irimiqyaslı tədbir təşkil etməyi hədəfləyir.
Bundan əvvəlki regional mərhələlər (Stage 1 və Stage 2) “VCT Cups” turnirləri ilə əvəzlənəcək. Bu turnirlər ölkədaxili seçmələrdən fərqləndirilməsi üçün “Beynəlxalq” (Internationals) statusu alacaq. Dörd əsas regionun (EMEA, Çin, Amerika və Sakit okean regionu) hər biri iki “VCT Cup”a ev sahibliyi edəcək ki, bu da ümumilikdə 8 beynəlxalq turnir deməkdir.
“Kickoff” və “Cups” turnirlərinin ən yaxşıları “VCT Masters” və “Champions” yarışlarına vəsiqə qazanacaqlar. Bu sistem həvəskar səviyyədən dünyanın ən nüfuzlu “Valorant” turnirlərinə qədər birbaşa rəqabət yolu yaradır.
Maliyyə stimulları və 6 milyonluq fond
Komandalar turnirlərin hər bir mərhələsinə vəsiqə qazandıqları üçün pul mükafatı ilə təltif olunacaqlar. Mükafat məbləği hər növbəti mərhələdə artacaq: “Kickoff/Cups”dan “Masters”ə keçid zamanı məbləğ ikiqat, “Champions” iştirakçıları üçün isə daha bir dəfə ikiqat artırılacaq. İllik 6 milyon dollar həcmində olan ümumi mükafat fondu bütün bu tədbirlər arasında bölüşdürüləcək.
Tərəfdaşlıq proqramında yeni dövr
Hazırkı tərəfdaşlıq müqavilələrinin müddəti 2026-cı ilin sonunda başa çatır. 2027-2028-ci illəri əhatə edəcək yeni dövr üçün “Riot” həm mövcud tərəfdaşların, həm də yeni komandaların müraciətlərini qəbul edəcək. Yeni dövrdə tərəfdaş statusu daşıyan komandalar aşağıdakı üstünlükləri əldə edəcəklər:
- Baza ödəniş: Zəmanətli sabit maliyyə vəsaiti;
- Məhsuldarlıq bonusu: Qarşıya qoyulan hədəflərə ən yaxşı şəkildə çatan komandalara əlavə mükafat;
- Komanda kapsulları: Oyun daxilində komandaların simvolikasını əks etdirən xüsusi skinlər;
- Birbaşa vəsiqə: Seçmə mərhələlərin son raundlarında zəmanətli yer.
Artıq tərəfdaşlıq statusu regional yarışlarda iştirakı avtomatik təmin etmədiyi üçün, seçmə mərhələlərdəki birbaşa vəsiqə (direct seeding) tərəfdaş klublar üçün bir növ “təhlükəsizlik zəmanəti” rolunu oynayacaq.