“FURIA” komandasının qazaxıstanlı oyunçusu Danil “molodoy” Qolubenko Türkiyənin “Aurora Gaming” təşkilatına transfer olunacağı barədə gəzən söz-söhbətlərə sərt reaksiya verib. Kiberidmançı hazırda tamamilə “FURIA Esports”un uğurları üçün çalışdığını bəyan edib.
“Eternal Fire”ın keçmiş oyunçusu Buğra “Calyx” Arkınla birlikdə keçirdiyi yayım (strim) zamanı molodoy yaranmış vəziyyətə belə şərh verib:
“Xəbərlərə əhəmiyyət vermirəm, mən ‘FURIA’da oynayıram. Məhz indi. Bəli, qardaşım, elə bu dəqiqə ‘FURIA’ üçün mübarizə aparıram, başqa nə deyə bilərəm? Bu Meycerdən (Major) sonra da orada qalacağam. Həmişə yalnız: FURIA, FURIA, FURIA”.
Beləliklə, Danil “molodoy” Qolubenko mümkün transfer xəbərlərini faktiki olaraq təkzib edib. O, yaxın gələcəkdə, ən azı növbəti dünya çempionatının sonuna qədər komandasını dəyişmək niyyətində olmadığını aydın şəkildə nümayiş etdirib.