“FaZe Clan” kiberidman dünyasında böyük əks-sədaya səbəb olan bir gedişi rəsmən təsdiqlədi. Komandanın əfsanəvi kapitanı Finn “karrigan” Andersen beş illik fəaliyyətdən sonra təşkilatla yollarını ayırıb. Danimarkalı lider (IGL) bu müddət ərzində klubun tarixinə ən uğurlu dövrlərdən birinin memarı kimi adını yazdırıb.
karrigan 2021-ci ildə “FaZe”ə qayıtdıqdan sonra komandaya 8 nüfuzlu LAN turniri, o cümlədən Antverpen 2022 Meycer (Major) çempionluğunu və “Intel Grand Slam”ın 4-cü mövsümünün qızıl külçələrini qazandırıb. Onun rəhbərliyi altında kollektiv dəfələrlə dünya reytinqinin zirvəsində qərarlaşaraq kiberidman elitasındakı mövqeyini möhkəmləndirib.
Böhran və ayrılıq qərarı
Uğurlara baxmayaraq, son mövsüm “FaZe Clan” üçün kifayət qədər ağır keçdi. Robin “ropz” Kool-un gedişindən sonra komandanın nəticələri kəskin şəkildə pisləşdi. Komanda təşkilatın CS səhnəsinə daxil olduğu 2016-cı ildən bəri ilk dəfə Meycer turnirinə vəsiqə qazana bilməyərək tarixi uğursuzluqla üzləşdi. karrigan daha əvvəl verdiyi açıqlamalarda komandanın yenidən zirvəyə qayıtması üçün lazım gələrsə, ayrılmağa hazır olduğunun siqnallarını vermişdi.
“FaZe”i nələr gözləyir?
Təşkilat artıq genişmiqyaslı yenidənqurma prosesinə start verib. Heyətə yeni məşqçi kimi Niclas “enkay J” Krumhorn cəlb olunub. Hazırda komandanın rəsmi heyəti belədir:
- David “frozen” Čerňanský
- Helvijs “broky” Saukants
- Jakub “jcobbb” Pietruszewski
- Russel “Twistzz” Van Dulken
Komandanın yeni kapitanının kim olacağı hələlik məlum deyil. karrigan-ın gedişi “FaZe Clan” üçün bütöv bir eranın sonu deməkdir, çünki klubun ən böyük nailiyyətləri məhz onun adı ilə bağlıdır.
“Falcons” “ulduzlar heyəti”ni tamamladı: karrigan yeni kapitan oldu
“Team Falcons” ambisiyalı layihəsinin ən mühüm parçasını rəsmən elan etdi. “FaZe Clan”dan ayrılan Finn “karrigan” Andersen komandanın yeni kapitanı vəzifəsinə gətirilib.
Danimarkalı təcrübəli oyunçunun transferi Damjan “kyxsan” Stoilkovskinin ehtiyat skamyaya (bench) göndərilməsindən dərhal sonra baş tutub. Bu qərar komandanın “IEM Rio 2026” turnirindəki nəticəsi ilə birbaşa bağlıdır. “Falcons” həmin yarışda üçüncü yeri tutsa da, yenə də arzulanan çempionluğa çata bilməmişdi. 2025-ci ilin əvvəlindən bəri 7 dəfə böyük finallarda oynayan kollektiv cəmi bir kuboka (PGL Bucharest) sahib çıxa bilib. Təşkilat ümid edir ki, karrigan bu “final lənətini” qırmağa qadir olan yeganə liderdir.
NiKo ilə əfsanəvi tandem bərpa olundu
Bu transferin ən çox müzakirə olunan tərəfi karrigan və Nikola “NiKo” Kovaçın yenidən bir araya gəlməsidir. Onlar 2017-2018-ci illərdə “FaZe” heyətində birlikdə 7 titul qazanaraq dövrün ən güclü tandemlərindən birini yaratmışdılar. İndi isə bu təcrübəli ikili “Falcons”u zirvəyə daşımaq üçün güclərini birləşdirir.
“Falcons”un yenilənmiş “ulduzlar” heyəti:
- Nikola “NiKo” Kovaç
- René “TeSeS” Madsen
- Ilya “m0NESY” Osipov
- Maksim “kyousuke” Lukin
- Finn “karrigan” Andersen
Məşqçi: Danny “zonic” Sørensen
“Team Falcons” karrigan-ı heyətə qatmaqla təkcə finallara çıxan deyil, həm də həmin finallarda qalib gələn bir “maşın” yaratmaq niyyətindədir. Bu keçid komandanın dünya reytinqində (top-1) bir nömrə olması üçün həlledici addım kimi qiymətləndirilir.