Steam Deck 2 rəsmən yoldadır: Valve mühəndisi yeni konsol üzərində işlədiklərini təsdiqlədi

by Nigar Məmmədova
0 comments

“Valve” şirkətinin portativ oyun cihazları bazarında inqilab edən Steam Deck konsolunun varisi ilə bağlı gözlənilən xəbər nəhayət gəldi. Uzun müddətdir davam edən sükutu şirkətin aparıcı mühəndislərindən biri pozdu.

Xatırladaq ki, hələ 2025-ci ilin payızında “Valve”ın baş mühəndisi Pyer-Lu Qriffet bildirmişdi ki, “Steam Deck 2-nin vaxtı hələ çatmayıb”. O, bu qərarı həmin dövrdə cihazın məhsuldarlığında ciddi sıçrayış edə biləcək kifayət qədər güclü və enerjiyə qənaət edən çipin olmaması ilə əsaslandırmışdı.

Lakin görünür, 2026-cı ildə texnoloji imkanlar artıq “Valve”ın tələblərinə cavab verir. Qriffet IGN-ə verdiyi son müsahibəsində şirkətin artıq yeni nəsil konsol üzərində aktiv şəkildə çalışdığını ilk dəfə rəsmən təsdiqləyib.

Təkamül zənciri: Steam Controller-dən Steam Deck 2-yə

Mühəndis qeyd edib ki, “Valve”ın yanaşması təsadüfi deyil; hər bir yeni cihaz əvvəlki uğursuzluqlar və nailiyyətlər üzərində qurulur:

“Biz onun üzərində səylə çalışırıq. Əgər illər ərzində buraxdığımız cihazlara baxsanız, orijinal Steam Controller və Steam Machine-dən Steam Deck-ə və bu il elan etdiyimiz hər şeyə qədər birbaşa xətt çəkə bilərsiniz. Əminəm ki, Steam Deck 2 ilə də eyni şey olacaq — hazırda etdiyimiz işlər yeni təchizat (hardware) yaratmaqda bizə dərs olacaq.” — Pyer-Lu Qriffet

Bizə nə məlumdur?

Hələlik cihazın texniki göstəriciləri, qiyməti və ya dəqiq çıxış tarixi barədə təfərrüatlar verilmir. Lakin mühəndisin sözlərindən aydın olur ki, “Valve” sadəcə kosmetik bir yenilənmə deyil, “məhsuldarlıqda yeni bir standart” müəyyən edəcək cihaz üzərində fokuslanıb.

Bu təsdiq, xüsusilə digər rəqiblərin (ASUS, Lenovo, MSI) öz portativ konsollarının yeni versiyalarını buraxdığı bir vaxtda, “Steam Deck” pərəstişkarları üçün böyük ümid yaradır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın