ABŞ-da Donald Trampın İranda başlatdığı xəyali müharibəyə həsr olunmuş “Operation Epic Furious: Strait to Hell” adlı oyun işıq üzü görüb. “Wired” nəşrinin məlumatına görə, layihə Tramp administrasiyasını hədəf alan bir neçə satirik işi ilə tanınan anonim rəssamlar qrupu tərəfindən hazırlanıb.
Oyunu onlayn formatda oynamaq mümkündür. Bundan əlavə, oyunun quraşdırıldığı üç arkada avtomatı Vaşinqtondakı (Kolumbiya dairəsi) Müharibə Memorialında yerləşdirilib və yaxın bir neçə gün ərzində orada qalacaq.
Süjet xəttində Trampın təkcə İranla deyil, həm də Roma Papası və Nyu-York meri Zohran Mamdani ilə qarşıdurmaları yer alıb. Maraqlısı odur ki, oyunçunun bu mübarizədə qalib gəlməsi texniki olaraq qeyri-mümkündür. “Operation Epic Furious: Strait to Hell” oyununda həmçinin FTB direktoru Kaş Patel, dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens və İlon Mask kimi real personajlara da rast gəlmək olar.