XSE rəsmi bəyanat yaydı: Təşkilatçılar turnirdəki ciddi qüsurlarını etiraf etdilər

by Nigar Məmmədova
0 comments

XSE Pro League 2026” (XPL 2026) turnirinin təşkilatçıları yarışın hazırlıq mərhələsində yol verilən ciddi nöqsanları rəsmən etiraf edib və kibersport icmasına müraciət ünvanlayıblar. XSE şirkətinin nümayəndələri qrup mərhələsində yaşanan bütün uğursuzluqları bənd-bənd analiz edərək geniş bəyanat yayıblar.

Təşkilatçıların rəsmi açıqlaması

“Qrup mərhələsinin sonuna yaxınlaşarkən, turnirin keçirildiyi bu müddət ərzində baş verənlərə nəzər salmaq və fikirlərimizi sizinlə bölüşmək istədik.

İlk gün lazımi səviyyədə hazır olmadığımız bir sıra texniki problemlərlə qarşılaşdıq. Bu problemlərin komandalara və sizin baxış təəssüratınıza göstərdiyi mənfi təsirə görə tam məsuliyyəti üzərimizə götürürük. İkinci gün bütün nasazlıqlar aradan qaldırılsa da, qəfil elektrik kəsintisi final matçının yarımçıq qalmasına səbəb oldu. Ləngimə zamanı azarkeşlərin göstərdiyi səbir və dəstəyi yüksək qiymətləndiririk. Qrup mərhələsinin qalan 3 günü isə demək olar ki, rəvan keçdi.”

İcmada müzakirə olunan əsas problemlər və rəsmi izahatlar

XSE rəhbərliyi internetdə böyük rezonans doğuran bir neçə aktual mövzuya da aydınlıq gətirib:

  • Kompüterlərdə CS2-nin olmaması: Bəzi kompüterlərdə oyunun quraşdırılmaması ilə bağlı yayılan xəbərlər SSD disklərindəki qlobal problemdən qaynaqlanıb. Bu nasazlıq sonradan tamamilə həll edilib.
  • Oyunçunun zədələnmiş Steam hesabı: Turnir zamanı problemi yaranan oyunçunun “Steam” hesabı bütün inventarı qorunmaqla tam bərpa edilib. Təsirə məruz qalan sistemlər təmizlənib və yenidən quraşdırılıb, məşq otaqlarındakı əlavə kompüterlər dəyişdirilib. Bu insidentə görə məsuliyyət daşıyan baş admin dərhal işdən qovulub.
  • Oyunçu masalarının ölçüsü: Turnirdə istifadə olunan masaların strukturu, qollarını həddindən artıq irəli uzadaraq oynayan geymerlər üçün əlverişsiz olub və narahatlıq yaradıb. Bu problem artıq növbəti mərhələ üçün həllini tapıb.
  • İngilisdilli yayımın keyfiyyəti: Canlı yayımın aşağı keyfiyyətdə olması ilk günün texniki çətinlikləri ilə bağlı olub və qısa müddətdə tənzimlənib.
  • Könüllülərlə bağlı şayiələr: İnternetdə yayılan könüllü qəbulu elanlarının skrinşotları XSE tərəfindən rəsmi olaraq dərc edilməyib. Əsas istehsalat və təşkilat heyəti tam ödənişli əmək müqavilələri ilə işləyir. Könüllülər isə yalnız tədbirin ikinci dərəcəli (periferik) işlərində köməklik göstərirlər.

Təşkilatçılar daxil olan bütün tənqidləri qəbul etdiklərini və pley-off mərhələsində azarkeşlərin etibarını yenidən qazanmaq üçün maksimum güclə çalışacaqlarını bildiriblər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın