9 yaşlı Mayk (“Mighty Mike Plays” YouTube kanalının müəllifi) atasının verdiyi məlumata görə, üç həftə ərzində “Minecraft” və “Roblox” videolarının təşviqinə korporativ kartdan təxminən 118 min dollar xərcləyib. Uşağın atası Devid Sarkisyan hadisənin lazımi təhlükəsizlik məhdudiyyətlərinin olmaması səbəbindən baş verdiyini bildirib.
İlkin olaraq atası videoçarxın reklamı üçün şəxsən 20 dollar ödəyib, lakin saxlanılan ödəniş rekvizitlərini məhdudiyyətsiz şəkildə sistemdə saxlayıb. Bundan istifadə edən uşaq müstəqil şəkildə çoxsaylı reklam kampaniyaları başladib.
Bir qədər sonra Devid rəhbərliyə çağırılaraq ona nəhəng məbləğdə tranzaksiyalar təqdim olunub. Hadisədən sonra Mayk kanalına, “iPad” və “PlayStation 5” cihazlarına giriş imkanını itirib, atası isə dəymiş ziyanı şirkətə ödəmək məcburiyyətində qala bilər.
Bununla belə, 118 min dollar məbləğində zərər hələlik heç bir müstəqil mənbə tərəfindən təsdiqlənməyib. Açıq mənbələrdə “Google Ads” hesab-fakturaları, bank çıxarışları və ya işəgötürənin rəsmi şərhi yoxdur. Məlum olan yalnız odur ki, reklam edilən üç video ümumilikdə təxminən 690 min baxış toplayıb.
Paradoksal olsa da, kanala ən çox populyarlığı məhz bu 118 min dollarlıq iddia gətirib. Atanın baş verən insident haqqında çəkdiyi video cəmi iki gün ərzində bir milyondan çox baxış toplayıb.