“Valve” şirkətinin “Steam” platforması tarixində ilk dəfə illik gəlirdə 20 milyard dollar göstəricisini keçməyə çox yaxındır. “Alinea Analytics” təhlil şirkətinin məlumatına görə, platforma 2026-cı ilin sentyabr ayında təxminən 1.7 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin sentyabrında qeydə alınan əvvəlki rekorddan 13% çoxdur.
Bu uğur “Steam”ə üçüncü rübün yekunlarına görə də yeni rekorda imza atmağa imkan verib. İyul-sentyabr ayları ərzində platforma təxminən 5.5 milyard dollar qazanıb — bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 12% artıb.
2026-cı ilin ilk doqquz ayı ərzində “Steam”in ümumi gəliri təxminən 16.5 milyard dollara çatıb. Bu, ötən ilin eyni dövründəki 14.5 milyard dollarlıq göstəricidən 13% yüksəkdir.
“Alinea Analytics”in proqnozlarına görə, ilin sonunadək “Steam” ilk dəfə 20 milyard dollar həddini aşacaq. Bunun üçün platformanın dördüncü rübdə cəmi 3.5 milyard dollar gəlir əldə etməsi kifayətdir.
Qazancın əsas mənbələri və uğurlu oyunlar
Rekordla yadda qalan sentyabr ayına həm yeni iri layihələr, həm də artıq məşhur olan oyun seriyaları töhfə verib. 2026-cı ilin relizləri ay ərzində “Steam”in ən çox gəlir gətirən top-500 oyununun gəlirinin 33.6%-ni, tamamilə yeni franşizalar isə 20.5%-ni təmin edib.
Bununla belə, gəlirin əsas hissəsi əvvəlki kimi yenə də tanınmış oyun seriyalarının payına düşüb — bu oyunlar top-500 siyahısındakı gəlirin 79.5%-ni formalaşdırıb.
Ödənişsiz (Free-to-Play) layihələr də böyük paya sahib olub. “Counter-Strike 2”, “Apex Legends”, “PUBG” və “Dota 2” birlikdə sentyabrda təxminən 168 milyon dollar gəlir gətirib ki, bu da “Steam”in aylıq təxmini gəlirinin 10%-nə bərabərdir.
Ödənişli yeni oyunlar arasında sentyabrın 10-da erkən daxilolmaya (Early Access) çıxan “Wardogs” PvP oyunu xüsusilə fərqlənib — 86.9 milyon dollar gəlir. Həmçinin “Onimusha: Way of the Sword” 30.4 milyon dollar, “The Blood of Dawnwalker” 26.9 milyon dollar, “EA FC 27” isə satışların böyük hissəsinin konsolların payına düşməsinə baxmayaraq, “Steam”də 20.7 milyon dollar qazanıb.